Noyabrın 4-də Rauf Mirqədirovun məhkəməsi üzrə hazırlıq iclası olacaq

Noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə hazırlıq iclası başlayacaq. Məhkəmə prosesinə hakim Əlisultan Osmanov sədrlik edəcək. Bu barədə Turan-ın telefon sorğusuna hakim Əlisultan Osmanov cavab verib.
 
R.Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. 
 
R. Mirqədirovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
 
Həbsin səbəbi R.Mirqədirovun dövlətə xəyanət ittihamı ilə həbs edilmiş Leyla Yunusun rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun layihələrində iştirakıdır.
 
L.Yunus və həyat yoldaşı Arif Yunusun barəsində dövlətə xəyanət ittihamı ayrıca icraata ayrılıb və onlar iqtisadi cinayətlərə görə mühakimə olunublar.
 
Jurnalist ittihamı qəbul etmir. R.Mirqədirov Amnesty İnternational tərəfindən “vicdan məhbusu” elan edilib.

Google+ WhatsApp ok.ru