İntiqam Əliyevin işi apellyasiya məhkəməsinə göndərilməyə bilər

İntiqam Əliyevin vəkili: “İntiqam Əliyevin işinin yenidən apellyasiya məhkəməsinə göndəriləcəyi inandırıcı görünmür”.
 
“Ali Məhkəməyə sənədlərin təqdim olunması üçün bütün vəkillərin bir yerə toplaşması lazımdır. Amma bütün vəkillər Azərbaycanda olmadığı üçün İntiqam Əliyevin sənədlərinin imzalanması mümkün olmayıb”
. Bunları Deyerler.org-a İntiqam Əliyevin işi ilə bağlı məlumat verən vəkil Şəhla Hümbətova deyib. O qeyd edib ki, Ali Məhkəmədə qərarın necə olacağı indidən məlumdur: “Ali Məhkəməyə sənədlərin təqdim olunması üçün kifayət qədər vaxtımız var. Amma biz mümkün qədər istəyirik ki, tez bir zamanda ölkədə son instansiya olan Ali Məhkəmənin qərarını əlimizə alaq. Çünki, bu qərarın necə olacağı artıq indidən məlumdur. Avropa Məhkəməsinə sənədlərin təqdim olunması üçün bu instansiyadan keçməliyik”.  
Vəkil, İlqar Məmmədov və Tofiq Yaqublunun işi ilə bağlı Ali Məhkəmənin qərarına işarə edərək bildirdi ki, bu prosesin İntiqam Əliyevin işində baş verəcəyi inandırıcı görünmür: “İlqar Məmmədovun və Tofiq Yaqublunun işi uzun müddətdən sonra Ali Məhkəmədə baxıldı. Amma iş yenidən apellyasiya məhkəməsinə göndərildi. Düşünmürəm ki, İntiqam Əliyevin işində analoji hal yaşansın. İntiqam Əliyevin işinin yenidən apellyasiya məhkəməsinə göndəriləcəyi inandırıcı görünmür”. Daha sonra vəkil İntiqam Əliyevin səhhəti ilə bağlı da məlumat verdi. O, qeyd etdi ki, 2-3 gün öncə İntiqam Əliyevlə görüşüb: “İntiqam Əliyev səhhətinin normal olduğunu bildirdi. Ümumiyyətlə o səhhətindən şikayət etməyi xoşlamır. O, hal-hazırda müalicə almadığını bildirdi. Sadəcə bir neçə gün öncə soyuqlaması ilə bağlı bəzi dərmanlar qəbul edib. Ümumiyyətlə durumunun yaxşı olduğunu bildirdi”./

Google+ WhatsApp ok.ru