Ofşordakı pulların geri qaytarılmasında məqsəd nədir?

Qadir İbrahimli: «Bir müddət sonra Azərbaycan hökuməti də ofşorlarda olan vəsaitlərin ölkəyə gətirilməsinə rəsmi qərar verəcək»

Putinin hökuməti artıq ofşor zonada olan rus kapitalının geri qaytarılması ilə bağlı konkret fəaliyyətə keçib. Bu istiqamətdə müvafiq qanun layihəsi qəbul olunub. Bu addımın atılmasına səbəb Rusiyanın üzləşdiyi maliyyə böhranı olduğu şübhə doğurmur. Amma burada başqa məqsədlər də var.
Istisna deyil ki, Rusiya bu yol ilə xaricdəki vəsaitlərini sanksiyalardan qorumaq istəyir. Əksər addımlarda Rusiya hökumətini təkrarlayan Azərbaycan hakimiyyəti də oxşar addım atmaq fikrindədir. Bu günlərdə mətbuatda “deofşarizasiya” haqda qanun layihəsinin hazırlandığı barədə məlumat dərc olundu. Bu qanun layihəsi ofşor zonalarda cəmləşən vəsaitlərin geri - Azərbaycana qaytarılmasına xidmət etməlidir. Azərbaycan hakimiyyətini də bu addımı atmağa vadar edən səbəblər oxşar ola bilər. Bir səbəb neftin qiymətinin dünya bazarında kəskin düşməsi nəticəsində hakimiyyətin gəlirinin azalmasıdır. Bundan başqa, hasilatın da aşağı düşməsi ölkəyə gələn neft pullarına neqativ təsir edib.
İqtisadçı Qadir Ibrahimli hesab edir ki, Putin məcburiyyət qarşısında qalaraq bu addıma gedib. Çünki hazırda həm Rusiyanın neft gəlirləri azalıb, həm də ölkə Qərbin ciddi sanksiyaları ilə üzləşib: “Daxili resursları səfərbər etmək və həmin resurslardan səmərəli istifadə etmək zərurəti yaranıb. Həmin resurslardan biri də ofşor zonalarda olan vəsaitlərdir. Bu baxımdan Putinin bu addımı hazırkı duruma adekvat sayıla bilər. Yaxın zamanlarda Azərbaycan hökuməti də belə qərar qəbul edəcək. Çünki ölkənin maliyyə vəziyyəti acınacaqlıdır. Ölkənin maliyyə sistemində müəyyən bir intizamsızlıq var. Beynəlxalq Bankdakı problemli kreditlərlə bağlı hüquq mühafizə orqanlarının işə qarışması, müəyyən adamların həbsi də göstərdi ki, dağınıq maliyyə sisteminə bir nizam gətirmək lazımdır. Bu baxımdan hesab edirəm ki, Azərbaycan hökuməti də Avropa Oyunlarından sonra ölkənin maliyyə sisteminin sağlamlaşdırılması istiqamətində müəyyən addımlar atacaq. Ofşor zonalarda olan vəsaitlərin ölkəyə gətirilməsinə rəsmi qərar veriləcək”.(Azadlıq)

Google+ WhatsApp ok.ru