Qrip Bakinın “burnundan” əl çəkmir

Qrip Bakinın “burnundan” əl çəkmir

Ekspertlər bir daha xəstəliklə mübarizə üsullarından danışdılar
 
Son aylar ölkədə əhali arasında qrip və kəskin respirator virus infeksiyaları yayılsa da, aidiyyətı qurumlar vəziyyətin qorxulu olmadığını bildirirlər. Yayılan rəsmi məlumatlarda əvvəlcə təkzib, daha sonra vəziyyətin nəzarətdə olduğu vurğulansa da, qripə yoluxanların xəstəliyi ağır keçirdiyi göz önündədir.
 
Mütəxəssislər xəstəliyin məktəb və bağçalarda, təhsil ocaqlarında yayılmaması üçün təcili tədbirlər görülməsinin vacibliyini vurğulayırlar. Həmçinin bildirilir ki, xəstəlikdən qısa müddətdə qurtulmaq üçün antibiotiklərdən istifadə etmək olmaz.
 
Həkim Hüseyn Mehdiyev musavat.com-a açıqlamasında bildirib ki, xəstəlik zamanı immunostimulyatorlardan, vitaminlərdən istifadə etmək lazımdır: “Oksolin mazını buruna çəkmək lazımdır. Çox meyvə yemək, meyvə şirəsi içmək vacibdir. Allergiya yoxdursa, apelsin, mandarin çox istifadə etmək lazımdır. Xəstə olanda təmiz havada gəzmək vacibdir, yuyunmaqdan çəkinmək lazım deyil. Antibiotiklərdən qəti istifadə etmək olmaz. Çünki antibiotik istifadə edəndə bədənin müqaviməti tamam azalır. O zaman xəstəlik uzun sürür”.
 
Tibb elmləri namizədi Rəşid Mahmudov isə bildirib ki, qrip virusunun onlarla növü var: “İndi bəlkə yüzlərlə qrip formaları var. Viruslar hüceyrənin daxilində yaşayır. Hüceyrənin daxilinə keçən dərmanımız yoxdur. Təkcə interferon insanın müdafiəsini təşkil etməyə kömək edir. İnterferon tipli dərmanlar bu virusa qarşı mübarizə apara bilir. İmmuniteti yüksəltmək lazımdır. Belə olarsa, xəstəlik yüngül keçər. Sarımsaq yemək də kömək edir. Həmçinin insanlar gigiyenik qaydalara əməl etməlidirlər. Yuxarı tənəffüs yolları qorunmalıdır”.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib ki, hər il olduğu kimi, 2016-2017- ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik tədbirlərin, həmçinin epidemioloji monitorinqin gücləndirilməsi istiqamətində işlər aparılıb: “Azərbaycanda həyata keçirilmiş kompleks qabaqlayıcı tədbirlər 2016-cı ildə Avropa regionunun əksər ölkələrində, xüsusən həmsərhəd ərazilərdə ağır gedişli, yüksək ölüm faizi ilə nəticələnən A(H1N1) virusu epidemiyasının ölkəmizə keçməsinin qarşısını alıb”.
 
Vəli Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Lalə Rüstəmova isə APA-ya bildirib ki, son zamanlar əhali arasında geniş yayılan respirator xəstəliyi zökəmdir, ölkədə isə qrip virusu yayılmayıb: “Mövsümlə əlaqədar olaraq əhali arasında oktyabr ayından başlayaraq aprel ayına qədər respirator xəstəliklərə yoluxanların sayı artır. Kəskin respirator xəstəliklər deyəndə respirator virusların törətdiyi infeksiyalar nəzərdə tutulur. Havaların soyuması ilə əlaqədar olaraq bir çox hallarda immun sistemində zəiflik müşahidə olunur. Daha çox immun sistemi zəif olan və risk qrupuna daxil olan insanlarda kəskin əlamətlərin üzə çıxması narahatlıq doğuran haldır”.
 
O, həmçinin bildirib ki, profilaktik tədbirlər deyəndə ilk növbədə diqqət mütəşəkkil uşaq kollektivlərinə yönəldilməlidir. Məktəbəqədər müəssisələrdə, məktəblərdə xəstə uşaqlar varsa, yəni qripə, zökəmə xas olan əlamətlərin ikisi, üçü qeydə alınırsa, həmin uşaqları mütləq təcrid etmək, kollektivdən uzaqlaşdırmaq lazımdır. Bundan sonra laborator müayinə aparılmalı, respirator virusun növü dəqiq təyin olunmalı, daha sonra müalicəyə başlanmalıdır.
Ekspertlər uşaqların qorunması üçün onlara immuniteti möhkəmləndirən qidaların verilməsinin vacib olduğunu vurğulayırlar. Həmçinin uşağa yaşına uyğun dozada C vitamini verilməlidir. Həkimlə məsləhətləşib uşağa vitamin-mineral kompleksi verilməlidir. İmmuniteti stimullaşdıran bal, propolis, soğan, sarımsaq və sairdən istifadə etmək lazımdır.
 
Qeyd edək ki, Səhiyyə Nazirliyi sonuncu açıqlamasında H2N1 adlanan bu virusun təhlükəli olduğunu deyib. Tibb elmləri namizədi Rita İsmayılova ötən ilin oktyabr ayından indiyədək Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyaya kəskin respirator viruslara yoluxmalara görə laboratoriya müayinələrinin aparılması üçün 265 nümunə daxil olduğunu bildirib. Onun sözlərinə görə, bu nümunələrin müayinəsi nəticəsində 2 nəfərdə A qripinin H3N2 virusu, 5 nəfərdə paraqrip, 6 nəfərdə Adena virus, digərlərində isə kəskin respirator virus infeksiyaları aşkarlanıb. R.İsmayılova H3N2 virusunun mövsümi qrip olduğunu və onun daha yüngül klinik əlamətlərlə müşahidə edildiyini də söyləyib.(musavat.com)
 

Google+ WhatsApp ok.ru