İqtisadçı alim gömrüklə bağlı yeni qaydalardan danışıb

Qubad İbadoğlu: `Yeni fərman gömrükdə fiziki şəxslərə `yaşıl işıq` yandıracaq`

Azərbaycan prezidenti İlham Əliyev "Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında" fərman imzalayıb. Fərmana görə, Azərbaycanın gömrük ərazisinə gətirilən, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10 min dolları ekvivalenti məbləğindən artıq olmayan mallar gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçiriləcək. Bu fərmana qədər ölkəyə gətirilən ümumi gömrük dəyəri 1500 dollar ekvivalenti məbləğindən artıq olmayan mallar gömrük ödənişindən azad idi. Əvvəlki qaydalar dəyişəndən sonra vətəndaşı müşayiət edən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə məbləğ 500 dollardan 2000 dollara qədər artırılacaq. Amma onu da nəzərə almaq lazımdır ki, bu qaydalar aksizli mallara, avtonəqliyyat vasitələrinə və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalara şamil olunmur. 
 
Maide.az xəbər verir ki, iqtisadçı Qubad İbadoğlu bu fərmanla gömrükdə baş verən rüşvət hallarını aradan qaldıracağına inanır:
 
"Gömrüyə bəyan ediləcək məbləğin əvvəlki ilə müqayisədə 6,6 dəfədən çox müəyyənləşdirilməsi sərhəd buraxılış məntəqələrində "yaşıl kanal"dan istifadə edən vətəndaşların sayını və rahatlığını artırmaqla yanaşı, həm də indiyə qədər mövcud olan rüşvət sistemini zəiflədəcək. Bu fərman fiziki şəxslərin xarici ticarət, xüsusilə də idxal əməliyyatlarında iştirakına da stimul verəcək. Hesab edirəm ki, fərman orta və uzunmüddətli dövrdə istehlak bazarında idxal mallarının qiymətlərinin sabitləşməsinə də müsbət təsir göstərəcək.
 
Odur ki, yeni fərmanı təqdir edir və bu istiqamətdə mütərəqqi dəyişikliklərin hüquqi şəxslərlə bağlı gömrük-idxal əməliyyatlarına da şamil olunmasını arzulayıram".

Google+ WhatsApp ok.ru