İki illik yoxlama qadağası nəyi dəyişəcək?

Nemət Əliyev: `Vergilər Nazirliyinin və Gömrük Komitəsinin yoxlamalarına ara verilməyəcəksə, iki illik pəhrizin faydası olmayacaq`

Dövlət başçısı Ilham Əliyev Nazirlər Kabinetinin son iclasından sonra imzaladığı qərarla sahibkarları bir sıra yoxlamalardan azad etdi. Qərarda qeyd olunurdu ki, yoxlamalar və lisenziyaların sayının həddindən artıq çox olması sahibkarları incidən faktordur. Verilən tapşırıqlara uyğun olaraq, noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.
 
İmzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların Iqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub.
 
Amma məsələ burasındadır ki, sahibkarları çətin duruma salan əsas struktur Verigər Nazirliyidir. Məhz bu nazirliyin yoxlamaları və reydləri bu sahədə böhranlı durumun yaranmasına səbəb olub. Verilən göstəriş isə Vergilər Nazirliyini əhatə etmir.
 
İqtisadçı Nemət Əliyev "Azadlıq"a bildirib ki, ümumiyyətlə, yoxlamaların dayandırılması nəzərdə tutulursa, o zaman bütün yoxlamalar dayandırılmalıdır. Yalnız Iqtisadi Inkişaf Nazirliyinin və digər strukturların yoxlamalarının dayandırılmasından söhbət gedirsə, sahibkarların soyulmasının qarşısının alınmasında bunun az faydası olacaq. N.Əliyevin sözlərinə görə, indiki dövrdə sahibkarlar daha çox Vergilər Nazirliyinin soyğunçuluğuyla qarşılaşır: “Idxal və ixrac əməliyyatları ilə məşğul olan sahibkarlar Gömrük Komitəsində həm komitənin, həm də orada broker adı ilə fəaliyyət göstərən dəllalların soyğunçuluğuna məruz qalırlar. Vergilər Nazirliyinin və Gömrük Komitəsinin yoxlamalarına ara verilməyəcəksə, iki illik pəhrizin faydası olmayacaq. Vergilər Nazirliyində Ibtidai Vergi Araşdırmalarının Istintaq Idarəsi adlı bir struktur var. Hazırkı şəraitdə onların fəaliyyəti hər bir halda soyğunçu məqsəd güdür. Əgər bu ölkədə ikili mühasibatlıq qurulubsa, sahibkarlar mövcud korrupsiya, inhisarçılıq və rüşvət şəraitində ikili uçot aparmağa məcbur qalıblarsa, bu adı çəkilən istintaq idarəsi nəyin istintaqını aparacaq”.
 
N.Əliyev bildirdi ki, əgər ümumi dövriyyəni üzə çıxarmaq məqsəd kimi qarşıya qoyulacaqsa, fərqli addımlar atılmalıdır. “Hazırda sahibkarlar bu cür davranışa məcbur ediliblər. Sahibkarlar külli miqdarda rüşvət verirlər və ayaq üstdə qalmaq üçün dövriyyəni gizlədirlər. Ona görə düşünürəm ki, Vergilər Nazirliyindəki bu idarə ləğv olunmalıdır. Vergilər Nazirliyi ilə bağlı ciddi tədbirlər görülməlidir”, deyə N.Əliyev vurğuladı.

Google+ WhatsApp ok.ru