Qubad İbadoğlunun təşkilatı qeydə alınmadı

Qubad İbadoğlunun təşkilatı qeydə alınmadı

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının dövlət qeydiyyatına alınması ilə bağlı 4-cü müraciətinə Ədliyyə Nazirliyi imtina cavabı verib. Qurum bir daha Ədliyyə Nazirliyinə müraciət etmək fikrindədir.
 
Rədd cavabı alacaqları təqdirdə, məhkəməyə müraciət ediləcək.
 
ADR Hərəkatının sədr müavini Ellada Məmmədli musavat.com-a bildirib ki, Ədliyyə Nazirliyi dördüncü dəfədir ADR-i qeydə almaqdan imtina edib: “Hər dəfə də lüzumsuz bəhanələrlə müraciəti geri qaytarırlar. İndiyəcən göstərilən bütün iradların hüquqi əsası olmayıb. Buradan belə nəticəyə gəlmək olar ki, ADR Hərəkatının qeydə alınmaması siyasi sifarişdir. Bu sifarişi verənlər ölkədə demokratik mühitin əngəllənməsinə çalışanlardır ki, ictimai təşkilatların varlığından belə ehtiyatlanırlar. Çox təəssüflər, idarəedici qüvvələr sərbəstliyini qoruya bilmirlər”.
 
ADR-in sədri Qubad İbadoğlu isə musavat.com-a deyib ki, bu proses artıq neçə dəfədir təkrar olunur: “ADR Hərəkatının qeydiyyatı ilə bağlı gözləntilərimiz özünü doğrultdu. Çünki hazırda sadə bir problemi həll edə bilməyən, böhran yaşayan hakimiyyətdən ağıllı qərar gözləmirik. Düzgün qərar o olardı ki, ADR qeydiyyata alınsın və biz öz fəaliyyətimizi daha da genişləndirək. İndiki halda Azərbaycan qanunvericiliyi ilə ADR-in qeydiyyatdan keçirilməməsi fəaliyyəti üçün geniş məhdudiyyət yaratmır. ADR siyasi partiya deyil, ictimai birlik statusu ilə fəaliyyət göstərir.
 
Bu, imkan verir ki, qeydiyyatsız da fəaliyyət göstərək. Təbii ki, qeydiyyata almaq daha çox hakimiyyətin özünə lazımdır. Bu halda həm də hərəkatın bütünlüklə fəaliyyətini Azərbaycanın qanunvericiliyinə uyğunlaşdırmaq imkanlarımız yaranır. İndiki halda, bilirik ki, bu, siyasi qərardır. Çünki ictimai birliklərin və hərəkatların, siyasi partiyaların qeydiyyatı məsələsini əslində Ədliyyə Nazirliyi həll etmir. Qərar Prezident Administrasiyasında həll olunur, nazirlik bunu bir növ elmi cəhətdən ”əsaslandırır".
 
Biz hesab edirik ki, nazirliyin bizə göndərdiyi fikirlər əsassızdır. Onlar bildiriblər ki, biz hərəkatın nizamnaməsində dəyişikliklər edək. O dəyişiklikləri biz edəcəyik. Əksəriyyət yenidən müraciətin tərəfindədir. Bu dəfə də rədd cavabı alsaq, məhkəməyə müraciət etmək fikrimiz var".
 

Google+ WhatsApp ok.ru