Səkkiz jurnalist `Qarabağ`ı dəstəkləmək üçün Brüsselə gedir

Azərbaycanın bir qrup qeyri-idman yazarı olan jurnalisti Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda Belçikada baş tutacaq “Anderlext” – “Qarabağ” oyununda iştirak etmək üçün bu ölkəyə yollanır. “Qafqazinfo” xəbər verir ki, media mənsubları dekabrın 8-də Brüsselə səfər edəcək.
 
Oyundan əvvəl jurnalistlər klubun baş məşqçisi Qurban Qurbanovla və komandanın üzvləri ilə görüşəcək, onlara mənəvi dəstək olmağa çalışacaqlar. Eyni zamanda azərbaycanlı jurnalistlərin Belçikada avropalı həmkarları, səfirlik və diaspora nümayəndələri ilə görüşləri də nəzərdə tutulub. Həmin görüşlərdə Qarabağ haqqında məlumatlar görüş iştirakçılarına çatdırılacaq. Jurnalistlər özləri ilə Azərbaycan həqiqətlərini özlərində əks etdirən əyani vəsaitlər də aparacaqlar. Belçikadan olan jurnalsitlərlə Azərbaycan KİV təmsilçiləri arasında informasiya mübadiləsi ilə bağlı əməkdaşlıq əlaqələri müzakirə olunacaq.
 
Qeyd edək ki, “Qarabağ” klubunun Avroliqa çərçivəsində keçirdiyi səfər oyunlarında qeyri-idman sahəsində çalışan Azərbaycan jurnalistlərinin qrup halında iştirakı ənənəyə çevirilməkdədir. Ötən il ilk səfər Kiyevə təşkil olunmuşdu. Bu səfərlərin təşkilatçısı jurnalistlər özləri olsa da, layihəyə maddi dəstək “Azərsun Holding” tərəfindən həyata keçirilir.

Google+ WhatsApp ok.ru