Sabir RÜstəmxanlının qardaşının məhkəməsi davam etdirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Miqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın məlumatına görə, prosesdə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinskinin nümayəndəsi Asif Məmmədov ifadə verib. O bildirib ki, istintaq zamanı Emin Şəkinskinin verdiyi ifadəni təsdiq edir, suallara da cavab verə bilər. Digər vəkillər isə buna etiraz edərək zərərçəkənin özünün prosesdə iştirakının və ifadə verməsinin təmin edilməsini xahiş ediblər.
 
Hakim isə növbəti proseslərdə bu məsləyə baxılacağını deyib.
 
A. Məmmədov daha sonra vəkillərin suallarını cavablandıraraq deyib ki, içərisində 60 min pul olan seyf oğurlanıb. Həmin seyf isə E. Şəkinskiyə məxsus olub. O, həmçinin E. Şəkinskinin həyat yoldaşı Gülnarə Şəkinskayanın yaşadığı evin E. Şəkinski tərəfindən qadının öz adına alındığını açıqlayıb. Onun sözlərinə görə, həmin ev isə sökülüb və bunun müqabilində verilən kompensasiya banka qoyulub.
 
Prosesdə şahid qismində ifadə verən Əli Baxşəliyev Bərdə Şəhər İcra nümayəndəliyində işlədiyini, təqsirləndirilən şəxslərdən Raqub İsfəndiyarova qohumlarının kənd qeydiyyatından şəhər qeydiyyatına düşməsi üçün arayış verdiyini deyib.
 
Şahid Şaban Hüseynov isə təqsirləndirilən Pənah Dadaşovu Gürcüstana həkim müayinəsinə taksi ilə aparıb-gətirdiyini deyib. Onun sözlərinə görə, maşında P. Dadaşovdan da başqa şəxslər olub və xidmət müqabilində ona 200 ABŞ dolları ödənib.
 
Daha sonra vəkillərin Gülnarə Şəkinskayanın evinin kimin adına olması, ev sökülməsindən sonra kompensasiyanın kimə verilməsi barədə məsələnin araşdırılması barədə qaldırdıqları vəsatətin təmin olunduğu və müvafiq orqana sorğu göndəriləcəyi bildirilib.
 
Proses iyulun 23-də davam etdiriləcək.
 
İttiham aktına görə, təqsirləndirilən şəxslər Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərovadır.
 
Həmin şəxslər Gülnarə Şəkinskayanın, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayaların dövlət sərhədini qanunsuz keçmələrinə yardım ediblər və bu məqsədlə cinayət əlaqəsinə giriblər. Bu məqsədlə G.Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən 60 min manat pulu oğurlayıb.
 
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar.
 
Sözügedən cinayət işi üzrə təqsirləndirilən şəxslər - Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Əlövsət Əliyev istintaqdan gizləndiklərinə görə barələrində axtarış elan olunub.
 
Qeyd edək ki, təqsirləndirilən Əlövsət Əliyev isə hazırda Almaniyada mühacirətdədir. Ə.Əliyev VHP sədri, deputat Sabir Rüstəmxanlının qardaşıdır.

Google+ WhatsApp ok.ru