Telekanallarda Ramazan qadağası

Kənan Rövşənoğlu: “Bu rəhmət ayında insanları xeyir işlərə dəvət etmək üçün Ramazan proqramlarına ehtiyac var”

Məlum olduğu kimi, bu yaxınlarda Azərbaycanın Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyası efirində Ramazan ayında azanın səsləndirilməsinə qadağan qoyub. Sədr bunun səbəbini belə açıqlayıb ki, Azərbaycan dünyəvi dövlətdir və burada kim nə istəyirsə, onu edə bilməz.
 
Ümumiyyətlə, Azərbaycan telekanallarında mübarək aya dair verilişlər, demək olar ki, yoxdur. Bizdən fərqli olaraq bu ayın gəlişi ilə əlaqədar bir çox müsəlman dövlətlərinin televiziya və radio verilişlərində isə dəyişikliklər olunur. Belə ki, Ramazan ayı boyunca əksər televiziya kanalları öz buraxılışlarına dəyişikliklər edərək, yeni Ramazan ayına həsr olunmuş verilişləri ilə tamaşaçıların xidmətinə gəlir. Məsələn, qardaş Türkiyədə Ramazan ayı boyunca telekanallarda iftar saatları verilir, azan səsləndirilir, dini verilişlər yayımlanır. 
 
Azərbaycanda isə heç dövlət kanalları da Ramazan ayına həsr olunmuş verilişlərə rast gəlmək mümkün deyil. Dövlətdən, inanclı kəsim də daxil, vergiödəyiciləri hesabına maliyyələşən kanallar, o cümlədən İTV əslində Ramazana aid verilişlər təqdim etməlidir. Çünki bu kanallar dini kəsimin də maraqlarını əks etdirməlidir. Ancaq bunların heç biri yoxdur. 
 
Televiziya mütəxəssisi Zeynal Məmmədli cəmiyyətdə belə bir tələbat olmadığı üçün televiziyaların bunu görməzlikdən gəldiyini dedi: “Əgər Ramazana aid verilişlər Türkiyədə müxtəlif kanallarda yayımlanırsa, demək, cəmiyyətdə müəyyən bir razılaşma var. Orada cəmiyyətin müəyyən bir qatı üçün ortaq bayramdır. Türkiyədə televiziyalar Ramazan ayında bu tip verilişləri verməsələr insanların etibarını, inamını itirə bilərlər. Amma biz də bu cür durum yoxdur. Yəni bizdə dini verilişlər verməməklə heç bir televiziya yəqin ki, öz auditoriyasını itirmir və yaxud da auditoriyasını itirmək onun vecinə olmur. Sərbəst bazar yoxdur ki, bu kanallar sərbəst bazardan maliyyələşsin və onun hesabına fəaliyyət göstərsin. Bazar olmayanda demək ki, telekanalları kimsə maliyyələşdirir. 
 
Əgər kanala kimsə pul verirsə, deməli həmin kanala vətəndaşın baxıb baxmamasının onlar üçün əhəmiyyəti yoxdur. Ancaq qanuna görə, biz bu verilişlərin verilməsini İctimai televiziyadan və AZTV-dən tələb edə bilərik. Ancaq dini kəsim də bu kanallarda verilişlərin verilməsi üçün hansısa müraciət etmir. Məsələn, şeyx istəsə, bəlli bir tələblərə cavab verən belə bir veriliş hazırladıb onu televiziyada verə bilər. Cəmiyyətdə belə bir tələbat olmadığı üçün televiziyada bunu görməzdən gəlir və yaxud verilmiş hansısa bir göstərişə əməl edir ki, din xof yarada bilər, radikal dinçilər meydana gələ bilər. Yəni birdən-birə din təhlükəyə çevrilə bilər. Bax, bu şübhələrin nə dərəcədə əsası var və ya yoxdu bunu bilmirik”. 
 
Dini ekspert Kənan Rövşənoğlu isə Ramazan proqramlarına ehtiyac olduğunu söylədi: “Bir qayda olaraq, Ramazan ayı müsəlman dünyasında xüsusi şəkildə qeyd olunur. Bir ay boyunca Ramazanın mahiyyətindən irəli gələrək sosial yardımlaşma, xeyriyyə tədbirləri, xeyir işlərə dəvət aksiyaları keçirilir. Dövrün tələbinə uyğun olaraq indi Ramazan ayında telekanallarda geniş proqramlar təşkil olunur. Həm İslamdan gələn Ramazanın gözəllikləri haqda danışılır, həm də dini mənəvi dəyərlər təbliğ olunur, xeyir işlərə çağırışlar olur. Bu mənada Ramazan ayı müsəlman aləmində bir aksiyaya çevrilir. Bunun əyani nümunəsini Azərbaycan əhalisinin böyük əksəriyyətinin izlədiyi Türkiyə telekanallarında görmək olur. Bu baxımdan Azərbaycanda da bu gözəl ənənədən faydalanmaq, bu rəhmət ayında insanları xeyir işlərə, gözəl əməllərə dəvət etmək üçün Ramazan proqramlarına ehtiyac var. Ancaq təəssüf ki, Azərbaycan hakimiyyəti ənənəvi olaraq qadağa metoduna köklənib, dini proqramlara icazə vermir. Bu isə əslində uzaq perspektivdə Azərbaycanda həqiqi İslam dəyərlərinin sıradan çıxması, bu gün regionda yaşananların, din adına təhlükəli fikirlərin ayaq açmasına səbəb olacaq”.

Google+ WhatsApp ok.ru