Vəkil: `Məhkəmə iclas protokolları saxtalaşdırılıb`

İslamazeri.az-ın verdiyi xəbərə görə, sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə gənc fəal Ömər Məmmədovun Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 iyul tarixli qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Prosesdə Ömər Məmmədov və vəkili Əlkayif Həsənov, eləcə də media və gənc fəalı dəstəkləyən ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
“Məhkəmənin 20 avqust 2014-cü il tarixli ilkin baxış qərarında məhkəmə iclasının məhkəmə istintaqı aparılmadan keçirilməsi nəzərdə tutulmuşdu. Müdafiə tərəfi olaraq belə qərara gəldik ki, bu qərardan şikayət verilsin. Çünki, qənaətimizə görə, məhkəmə istintaqı aparılmadan apellyasiya şikayətində göstərilən nöqsanların aradan qaldırılması mümkünsüzdür. Məhkəmənin ilkin hazırlıq iclası zamanı vəsatət vermişdik ki, məhkəmə iclasının video görüntüləri çəkilsin. Narahatçılığımız ondan ibarət idi ki, məhkəmə iclas protokolları saxtalaşdırıla bilərdi. Təəssüf ki, gözlədiyimiz hadisə baş verdi. Bununla əlaqədar olaraq müdafiə tərəfi məhkəmə iclas protokollarına düzəlişlər edilməsi ilə bağlı vəsatət verdi. Lakin bu vəsatət təmin olunmadı. İndi biz belə bir məcburiyyət qarşısında qaldıq ki, hazırda məhkəmə iclasında istintaqın bərpa olunması, şahidlərin dindirilməsi ilə bağlı məsələnin nə dərəcədə apellyasiya məhkəməsi tərəfindən düzgün həll edilib edilməməsini ali məhkəmədə mübahisələndirək. Odur ki, bu gün vəsatət verdik və məhkəmə bununla bağlı məhkəmə iclasını 12 sentyabr saat 10:30-a qədər təxirə salınmasına qərar verdi”.
 
Qeyd edək ki, Ömər Məmmədov “Nida” Vətəndaş Hərəkatının üzvü, “Axın” maarifçi hərəkatını təsisçisidir. "AzTV-dən seçmələr” səhifəsinin admini olub.
Ömər Məmmədov Şimali Kiprdə təhsil alır. O, yanvarın 20-də Bakıya qayıdıb və cəmi dörd gün sonra - yanvarın 24-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Ona qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik saxlama, gəzdirmə, satma) maddəsilə ittiham irəli sürülüb, barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsi gənc fəalın 5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub. Hazırda Şüvəlan təcridxanasında saxlanır.

Google+ WhatsApp ok.ru