Vəkil Ramiz Məmmədov: «Istəmirəm ki, Leyla Yunus həbsxanada dünyasını dəyişsin, onun vəziyyəti kritikdir»

Həbsdə olan hüquq müdafiəçisi, Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus və həyat yoldaşı, tarixçi alim Arif Yunus dünən məhkəmə qarşısına çıxarılıb. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrliyilə baxılır. Leyla Yunus ötən il iyulun 30-da həbs olunub və Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında saxlanılır. Həyat yoldaşı isə ondan bir neçə gün sonra - avqustun 4-də həbs olunmuşdu. Arif Yunus Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.
 
Bir ilə yaxındır bir-birini görməyən Arif və Leyla Yunuslar birlikdə şüşə qəfəsə salınmışdı. Məhkəməni izləməyə gələnlərin bir çoxu Leyla Yunusu ilk baxışdan tanımadı. Hüquq müdafiəçisi ötən bir il ərzində kəskin şəkildə dəyişib. Leyla Yunusun bir il əvvəlki vəziyyətindən əsər-əlamət yoxdur - kəskin arıqlayıb, qaməti əyilib, saçları hədsiz ağarıb və s.
Leyla Yunusa qarşı dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma, sənəd saxtakarlığı kimi əməllərdə ittihamlar irəli sürülüb. Arif Yunusa isə yalnız dələduzluq ittihamı verilib. Həbs olunarkən Yunuslara qarşı dövlətə xəyanət ittihamı da elan olunmuşdu. Lakin istintaq yekunlaşıb, iş məhkəməyə göndəriləndə həmin ittiham üzrə cinayət işini ayırdılar.
 
Dünən məhkəmənin hazırlıq iclası idi və hakim Əfqan Hacıyev məhkəmə tərkibini Yunuslara elan etdi. Bir ildir ayrı olan Yunuslar isə şüşə qəfəsə salınandan söhbətləşərək, hakimin dediklərinə əhəmiyyət vermirdilər. Hətta hakim onlardan məhkəmə tərkibinə etirazı olub-olmadığını soruşanda da Leyla Yunus əli ilə işarə etməklə kifayətlənərək, bunun onun üçün heç bir əhəmiyyəti olmadığını göstərdi.
Hakimin dediklərindən o da məlum oldu ki, “Şəffaflıq Azərbaycan” ictimai birliyinin, eləcə də “Azərbaycan qadınları Qafqazda Sülh və Demokratiya Uğrunda” cəmiyyətinin sədri Rəna Səfərəliyeva zərərçəkmiş qismində tanınıb. Amma özü məhkəməyə qatılmayıb, onu nümayəndəsi Şöhrət Allahmanov təmsil edir.
Bu məqamda Leyla Yunusun vəkili Elçin Qəmbərov Şöhrət Allahmanovun prosesdə iştirakına etiraz etdi: “Ittihamda bəhs olunan ”Azərbaycan qadınları Qafqazda Sülh və Demokratiya Uğrunda" təşkilatı çoxdan ləğv olunub. Belə olan halda, Səfərəliyevanın zərərçəkmiş qismində statusu sual altına düşür. O, hansı statusla etibarnamə verib, nümayəndə göndərib?"
 
“Arif Yunus kimlərinsə hikkəsinin qurbanı olub”
 
Daha sonra Leyla və Arif Yunusların vəkilləri bir sıra vəsatətlər qaldırdılar. Arif Yunusun vəkili Əfqan Məmmədov ilk növbədə müvəkkilinin şüşə qəfəsdən çıxarılaraq, onun yanında əyləşməsinə icazə verilməsini istədi: “Şəxsin müdafiə hüququnun təmin olunması baxımından bu çox vacibdir. Avropa Konvensiyasının 3-cü və 6-cı maddələrilə təminat verilən insan ləyaqətinə hörmət, təqsirsizlik prezumpsiyası baxımından da bu vacibdir. Eyni zamanda, tərəflərin bərabərliyi prinsipi də bunu tələb edir. Təqsirləndirilən şəxsə ittiham tərəfilə eyni şərait yaradılmalıdır”.
 
Əfqan Məmmədovun ikinci vəsatəti Arif Yunus barəsində cinayət işinə xitam verilməsi barədə oldu: “Arif Yunusun əməlində cinayət tərkibi yoxdur. Iş materiallarında ittihamı sübut edən bircə tutarlı dəlil yoxdur. Arif Yunusa dələduzluq ittihamı verilib. O, kimi aldadıb? Kimin etibarından sui-istifadə edib? Sadəcə, Arif Yunus kimlərinsə hikkəsinə qurban getmiş adamdır”.
 
Leyla Yunusun vəkili Ramiz Məmmədov da müvəkkilinin şüşə qəfəsdən çıxarılaraq onun yanında əyləşməsinə icazə verilməsini istədi. Vəkil bildirdi ki, prosesin gedişində tez-tez vəkilin müvəkkililə məsləhətləşməsinə ehtiyac yaranır. Bu cür şəraitdə lazım olanda məsləhətləşmə, konfedensial müzakirələr aparmaq mümkün olmur.
 
Ramiz Məmmədov həmçinin məhkəmə prosesinin audio və video yazısı üçün texniki vasitələrdən istifadəyə icazə verilməsi barədə vəsatət qaldırdı.
 
“Leyla Yunusun ciyəri parçalanır, ona 40 min manatlıq dərman yazılıb”
 
Vəkilin daha bir vəsatəti Leyla Yunus barəsində həbs-qətimkan tədbirinin dəyişdirilərək, ev dustaqlığı və ya polis nəzarətinə vermə qətimkan tədbirilə əvəz olunması haqda oldu. Vəkil bu vəsatətini Leyla Yunusun səhhətində kəskin problemlərin olmasıyla əlaqələndirdi: “Istintaq zamanı Leyla Yunusun barəsində həbs-qətimkan tədbirinin müddəti iki dəfə uzadılıb. Biz də iki dəfə həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət vermişik, amma təmin olunmayıb. Qərarda bunu onun qaçıb gizlənə bilməsi ehtimalı ilə izvh ediblər. Bu ehtimalı yazmaq azdır, onu əsaslandırmaq lazımdır.
 
Leyla Yunusun səhhətində çox ciddi problemlər var. Buradakı həkimlərlə yanaşı, beş dəfə Avropadan həkimlər gəlib. Təsəvvür edin, Leyla Yunusun durumunu nəzərə alaraq, onun müalicəsi üçün yazılan dərmanın qiyməti 40 min manatdan yuxarıdır. “Harvoni” adlı bu dərman ABŞ-da istehsal olunur. Ona belə bir dərmanın yazılmasının səbəbi odur ki, Leyla Yunusun qara ciyəri dağılır. Deməli, vəziyyəti pisdir. Bu dərmandan birini Leyla Yunusa göndəriblər və o, xüsusi şkafda qorunur. Yerli məhkəmə tibbi eksperti Leyla Yunus barədə rəyi elə yazıb ki, sanki bir sahə müvəkkili xuliqan barədə raport yazır. Rəydə Leyla Yunusun acıdil olması və s. xüsusatlardan yazıb. Leyla xanım həm də şəkərli diabetdən əziyyət çəkir. Rəydə yazıblar ki, Leyla Yunus müayinəyə aparılarkən kameraya qayıdıb şəkər qəbul elədi. Bunları necə başa salasan ki, şəkərli diabet xəstəsinə qlükoza yox, fruktoza olar. Orqanizm tamamilə şəkərdən imtina edə bilməz. Bu cür xəstələr fruktoza qəbul etməlidir. Leyla Yunus qadın xəstəliklərilə əlaqədar 6 dəfə əməliyyat olunub. Üstəlik, iki dəfə də gözündə cərrahiyyə əməliyyatı aparılıb. Ən başlıcası, o, Hepatit C xəstəliyindən əziyyət çəkir. Mən bir Azərbaycan vətəndaşı kimi, Leyla Yunusun həbsxanada ölməsini istəmirəm. Artıq istintaq yekunlaşıb, şahidlərə təzyiq göstərmək mərhələsi arxada qalıb, pasportu iş materialları arasındadır, ölkədən qaçmaq ehtimalı yoxdur. Ona görə xahiş edirəm, onun barəsində həbs-qətimkan tədbirini digər qətimkan tədbirlərindən birilə əvəz edəsiniz".
 
Leyla Yunusun digər vəkili Elçin Qəmbərov isə Sahib Məmmədov, Təhmasib Novruzov, Əkbər Həsənov, Mətanət Əzizova kimi şahid ifadələrinin sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırdı. Bildirdi ki, Mətanət Əzizova Çexiyada siyasi sığınacaq alıb və onu Bakıya gətirib məhkəmədə dindirmək mümkün olmayacaq. Digər üç nəfərin ifadələri isə Leyla Yunusa nifrət üzərində qurulub və onların dediklərinin bu cinayət işinə heç bir aidiyyəti yoxdur. Onlar Leyla Yunusun siyasi fəaliyyəti, baxışları ilə bağlı fikirlərini bölüşüblər ki, bu da əhəmiyyətsizdir.
 
Vəsatətlər müzakirə olunarkən Rəna Səfərəliyevanın nümayəndəsi Şöhrət Allahmanov onların təmin olunmamasını istədi.
 
Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror Fərid Nağıyev də vəkillərin qaldırdığı vəsatətlərin heç birinin təmin olunmasına ehtiyac görmədi. Bildirdi ki, təqsirləndirilən şəxslərin qəfəsə salınması onların təhlükəsizliyinin, həmçinin prosesin normal gedişinin təmin olunması məqsədilə həyata kçirilir. Əgər vəkillərlə məsləhətləşməyə zərurət yaransa, proses zamanı fasilə verilə bilər. Həbs-qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə gəlincə, prokuror bu vəsatətin əleyhinə çıxmasını belə əsaslandırdı ki, Leyla və Arif Yunuslar Azərbaycanı tərk eləmək istəyərkən hava limanında saxlanılıblar. Onlar dəfələrlə istintaqın çağırışlarına gəlməyiblər.
 
Prokurorun çıxışından sonra hakimlər qərar vermək üçün müşavirəyə getdilər. Yaranmış fasilə zamanı Leyla Yunus məhkəməni izləməyə gələnlərə həbsxanada başına açılan oyunlardan danışdı.
 
Qeyd edək ki, prosesi izləməyə gələnlər sırasında çoxsaylı beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, tanınmış ictimai-siyasi şəxslər, o cümlədən Milli Şuranın sədri Cəmil Həsənli də vardı. Amma məhkəmə zalının kiçikliyi üzündən prosesi izləməyə gələnlərin əksəriyyəti zala daxil ola bilmədi.
 
“Bizim fiziki baxımdan məhv eləmək istəyirlər”
 
Leyla Yunus bildirdi ki, həbsdə olduğu bir il ərzində dəfələrlə işgəncələrə məruz qalıb: “Bizim fiziki məhvimizi qarşılarına məqsəd qoyublar. Dəfələrlə mənim baş, böyrək nahiyəmə zərbələr endirilib. Keçən il sentyabrın 23-də mayor Yaqubov tərəfindən işgəncəyə məruz qalmışdım. Sonuncu belə hadisə isə bu il iyunun 20-də oldu. Gicgah nahiyəmdən elə vurdular ki, sol gözüm tamamilə görmə qabiliyyətini itirdi. Mən normal yuxunun nə olduğunu bilmirəm. Qəbul elədiyim ağır dərman çox güclü təsiri olduğundan və başqa xəstəliklərimə görə əks təsir göstərir. Bura altı dəfə ”Imodium" atıb gəlmişəm. Arif qapalı təcridxanada saxlanılır. Onun boynunun arxasında şiş var, xərçəngin əlamətidir.
 
Mənim bu məhkəmə ilə bağlı heç bir illüziyam yoxdur. Necə ki, istintaqla bağlı yox idi. Ona görə də biz istintaq prosesində iştirak etmədik, nə Arif, nə də mən sualları cavablandırmadıq. Istintaq başa çatandan sonra iş materialları ilə tanış olanda gördüm ki, burada necə dəhşətli saxtakarlıqlar varmış. Təsəvvür edin, qəzet materiallarından ittiham düzəldiblər. Həmin yüzlərlə saxtakarlıq faktlarından birini deyirəm. Arifə öz şəxsi bank hesablarının birindən digərinə pul köçürməyə görə dələduzluq ittihamı verilib.
 
2011-ci il avqustun 11-də gecə yarı bizim evimizi əmlakımızla birlikdə dağıtdılar. Hətta o zaman Almaniya səfiri Hacıbala Abutalıbova müraciət elədi ki, imkan yaradın, təşkilatın arxivini götürsünlər. Evimizin əmlakımızda birlikdə dağıdılması faktı hər üç məhkəmə instansiyasının qərarlarında da öz əksini tapıb..."
 
Leyla Yunusun məhkəmədə iştirak edən şəxslərə çox məlumat verdiyini görən nəzarətçilər onu və Arif Yunusu zaldan apardılar və bir də hakimlər qərarı elan etmək üçün gələndə qaytarıb gətirdilər.
 
Hakim qərarı elan etməmişdən Leyla Yunus müraciət edərək, çıxış üçün beş dəqiqəlik imkan yaradılmasını istədi. Lakin hakim bildirdi ki, vəsatətlər müzakirə olunarkən fikrini bildirməli idi və məhkəmənin hazırlıq iclasının qərarını elan etməyə başladı. Hakim qərarı oxuyarkən paralel olaraq, Leyla Yunus da fikrini bildirməyə imkan yaradılmasını tələb edirdi: “Siz mənə sözümü demək imkanı yaratmalısınız. Gözəl başa düşürəm ki, sifariş yerinə yetirirsiz, bu məhkəmənin nəticəsi sizlik deyil. Amma çıxış üçün imkan yaratmaq sizin borcunuzdur. Mənə 3 dəqiqəlik söz versəniz nə olacaq? Mənim söz demək imkanımı məhdudlaşdırmağa haqqınız yoxdur. Siz özünüz qanunlara hörmət eləmirsiniz...”
 
Məhkəmə vəkillərin vəsatətlərinin heç birini təmin etmədi. Bu iş üzrə məhkəmə baxışı iyulun 27-nə təyin olundu.
 
Onu da qeyd edək ki, məhkəməni izləmək istəyən AXCP rəhbərliyi və ABŞ səfirliyinin nümayəndələri içəridə yer olmadığı deyilərək zala buraxılmayıb.

Google+ WhatsApp ok.ru