Valideynlər Nardaran hadisələrinə görə hökumətdən sübut istəyir

Valideynlər Nardaran hadisələrinə görə hökumətdən sübut istəyir

Nardaran hadisələrində həbs olunanların yaxınları dünən mətbuat konfransı keçiriblər. “Azadlıq” radiosunun məlumatına görə, tədbir iştirakçıları yaxınlarının haqsız yerə həbs olunduğunu bildirərək, onların azadlığa buraxılmasını tələb ediblər.
 
Həbsdə olan Bəhruz Həsənovun valideynləri bildirirlər ki, oğulları tam günahsız yerə həbs edilib, işgəncələrə məruz qalıb. Valideynlərin dediyinə görə, onlar Nardaranda yaşamayıblar. Sadəcə, oğulları Bəhruz Həsənov Nardaranda tikintidə çalışıb. Elə namazını da oradakı məsciddə qılıb.
 
 
Valideynlərinin bildirdiyinə görə, Bəhruz Həsənov hadisə olan gün məsciddə, ibadətə gedib: “Onun çevrilişlə əlaqəsi yoxdur. Oxuda bilməmişik deyə, heç elə şeylərə savadı da çatmır. Səbəb, sübut olmadan oğlumu aparıb işgəncələr verib, ifadələr alıblar. Mən tələb edirəm ki, övladımın üzərindəki maddələr götürülsün, o, azadlığa buraxılsın. Oğlum həqiqətən cinayətkardırsa, bizə video görüntü, sübut göstərsinlər”.
 
Qurulmuş oyun
 
Təqsirləndirilən Aqil Ismayılovun babası Ismayıl Ismaylov da baş verənləri “qurulmuş oyun” adlandırıb: “Məmurlar bu oyunu mükəmməl qura bilməyiblər. Indi buna görə, bizə cavab verə bilmirlər. Aqilə məcburi, işgəncələrlə müxtəlif kağızlara imza atdırıblar. Onları təhdid ediblər ki, imzalamasanız, ananızın, bacınızın başına oyun açacağıq. Mənim oğlum Qarabağda vuruşub. Prezidentdən tələb edirəm ki, bu işə diqqət ayırıb övladlarımızı azadlığa çıxarsın”.
 
Nardaran hadisələri ilə bağlı həbs edilənlərin yaxınları deyiblər ki, bir çox yerli qurumlara müraciət etsələr də, heç bir müsbət cavab almayıblar. Bundan sonra isə beynəlxalq təşkilatlara üz tutmağı düşünürlər. (azadliq.info)
 

Google+ WhatsApp ok.ru