Xədicə İsmayılı tutduran şəxs haradadır?

“Eşidirik ki, kimlərsə çağırıb dindirilir. Amma bu barədə bizə heç bir məlumat verilmir”.
 
Bunu “Azadlıq” radiosunun əməkdaşı, hazırda həbsdə olan jurnalist Xədicə İsmayılın vəkili Yalçın İmanov istintaqın gedişatı barədə  danışarkən dedi. O bildirdi ki, istintaqın rəsmən zərərçəkən kimi tanıdığı Tural Mustafayev barədə də hər hansı məlumat yoxdur.  Müsahibimizin sözlərinə görə, bu məsələ son olaraq X.İsmayılın həbs müddətinin uzadılmasından verilən apelyasiya şikayətinə baxılan vaxt da qaldırılıb: “Biz məhkəmədəki vəsatətimizdə göstərdik ki, Tural Mustafayev zərərçəkəndirsə, məhkəməyə gəlməlidir. Onun facebook səhifəsində yazdıqlarına istinad etdik. Çünki səhifəsində bildirmişdi ki, Xədicə İsmayıla qarşı şikayətindən imtina edir. Təəssüflər olsun ki, nə birinci instansiya məhkəməsində, nə də apelyasiya məhkəməsində bizim bu vəsatətimiz təmin olundu”.
 
Qeyd edək ki, T.Mustafayev son olaraq 27 dekabrda facebook səhifəsində status yazıb. Onun son statusu “saxlanıldım” olub. Ondan öncə isə “Müstəqil vəkillərdən kömək istəyirəm. Xədicə Ismayila qarşı verdiyim şikayət ərizəsin geri götürürəm. Kimsə təcili kömək eləsin. Həbs təhlükəsi var” yazıb. Bundan sonra isə T.Mustafayevdən hər hansı xəbər yoxdur. Y.İmanov dedi ki, bundan sonra istintaq orqanı, eləcə də prokurorluqdan T.Mustafayevin harda olması ilə bağlı izahat, şifahi cavab verməsini tələb ediblər: “Bu istəyimiz də rədd olundu və həmin suala da cavab verilmədi. Biz bilmirik ki, indi Tural Mustafayev hardadır, hansı durumdadır”.
 
Y.İmanov X.İsmayılın səhhəti və əhval-ruhiyyəsinin qaydasında olduğunu dedi. Vəkilin sözlərinə görə, xanım jurnalistin yazışmalarına və vəkilləri ilə ünsiyyətinə ciddi nəzarət olunur: “Bununla bağlı narahatçılığımızı da bildirmişik. Xüsusi nəzarət altındadır. Bu da qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa, Xədicə xanım həbs olunandan bu vaxta qədər həm özünün, həm vəkilinin ərizəsinə baxmayaraq, ailə üzvləri ilə görüşə buraxılmır. Halbuki onun ayda 4 dəfə görüş həyata keçirmək hüququ var. Bu hüquq təmin olunmur və əsaslar da göstərilmir ki, niyə belə edilir”.

Google+ WhatsApp ok.ru