“Azəriqaz” rəhbərliyi Azərbaycan məhkəmələrini saymır

Məhkəmə ixtisara salınan iki Qarabağ əlilinin işinə bərpasına qərar versə də, aylardır ki, qərar icra olunmur

Qarabağ uğrunda döyüşlərdə sağlamlığını itirmiş Əhməd Rəhmanov üzləşdiyi problemin həlli üçün dövlət başçısı Ilham  Əliyevdən tutmuş, Ədliyyə Nazirliyi, Nazirlər Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qədər müxtəlif dövlət strukturlarına müraciət etsə də, nəticəsi yoxdur.
 
Qarabağ əlili Bakı şəhəri, Keşlə qəsəbəsi, Qurban Sadıq küçəsi, dalan 2, ev 6 ünvanında yaşayır. O, 17 il “Azəriqaz” Istehsalat Birliyinin Nəsimi rayon şöbəsində Qəza Bərpa işləri üzrə çilingər işləyib. Ötən il mayın 27-də struktur dəyişikliyi adi altında ixtisara salınıb.
 
“Xidmətimizdə olan 12 nəfərdən 6-sı ixtisara salındı. Amma sonradan bizim yerimizə 2 nəfər qəbul olundu. Ixtisara düşənlər arasında məndən əlavə daha üç nəfər Qarabağ veteranı və əlili var. Ixtisar barədə bildiriş alandan sonra Nizami rayon məhkəməsinə müraciət etdim. Məhkəmə zamanı üzə çıxdı ki, ixtisar prosesində çoxlu qanun pozuntusuna yol verilib. Bu barədə Dövlət Əmək Müfəttişliyinin ekspert rəyi vardı. Məhkəmə Əlillərin Sosial Müdafiəsi haqqında qanunun 25, Əmək Məcəlləsinin 78 və 79, eləcə də Nazirlər Kabinetinin 1994-cü il 185 saylı qərarını, həmçinin Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, mənim və digər Qarabağ əlili Süleymanov Adilin iş yerinə qaytarılması barədə 9 iyul 2014 il tarixli qətnamə çıxartdı”, - deyə Əhməd Rəhmanov bildirib.
 
Onun sözlərinə görə, qərarla razılaşmayan idarə rəhbərliyi apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi də qətnaməni qüvvədə saxlayıb. Buna baxmayaraq, Qarabağ əlilləri hələ də işinə bərpa olunmayıb: “Idarə rəhbərliyinin işə bir bəhanəsi var ki, artıq boş yer yoxdur. Əgər hansısa kiçik vəzifəli məmur da məhkəmə qərarlarını saya salmayacaqsa, daha ədliyyə sistemi nəyə gərəkdir?”

Google+ WhatsApp ok.ru