Xədicə İsmayılovanın vəkilləri onun azadlığa buraxılmasına çağırıblar

Jurnalist Xədicə İsmayılovanın maraqlarını müdafiə edən vəkillər Amal Kluni və Nani Yansen martın 14-də öz rəylərini Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim ediblər.
 
Medianın hüquqi müdafiəsi üzrə Təşəbbüs Qrupunun (Media Legal Defence Initiative) Turan-a göndərilən məlumatına görə, vəkillər qeyd ediblər ki, X.İsmayılova ölkənin ali rəhbərliyinin korrupsiya faktlarını ifşa etdiyinə görə təqiblərə məruz qalıb və həbs olunub. Odur ki, jurnalistin təqib və həbs edilməsinə heç bir əsas olmayib.
 
Vəkillərin qeydləri məhkəmənin Azərbaycan hakimiyətindən aldığı 15 yanvar tarixli cavabın şərhidir.
 
Vəkillər həmçinin bildiriblər ki, Azərbaycan hakimiyyəti  yerli məhkəmələrdə onun hüquqlarını və təqsirsizlik prezumpsiyasını pozub. Deyilənlərin əsasında vəkillər diqqəti ona yönəldiblər ki, X.İsmayılovanın barəsində Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6 (ədalətli məhkəmə), 10 (ifadə azadlığı), 13 (müdafiə hüququ), 14 (diskriminasiyanın qadağan edilməsi) və 18-ci (hüququn məhdudlaşdırılması) maddələri pozulub.
 
Buna əsaslanan vəkillər Avropa İnsan Hüquqları Məhkəməsini Xədicə İsmayılovanın dərhal azad edilməsi barədə qərar qəbul etməyə çağırıblar. Yaxın vaxtlarda Avropa məhkəməsinin bununla bağlı qərarı gözlənilir.
 
Xatırladaq ki, X.İsmayılova 2014-cü il dekabrın 5-də vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətini aşma və s. ittihamlarla həbs olunub. Məhkəmə onu 7,5 il müddətinə azadlıqdan məhrum edib.
 
Amnesty İnternational X.İsmayılovanı vicdan məhbusu kimi tanıyıb, onun azadlığa buraxılmasını tələb edib. Çoxsaylı beynəlxalq təşkilatlar da X.İsmayılovanın işini analoji qiymətləndirir.

Google+ WhatsApp ok.ru