Xalid Bağırov: Ölkədə hüquq anlayışının dərin deformasiyası baş verir

Vəkil Xalid Bağırov “Amerikanın Səsi”nə müsahibəsində vəkilliyinə xitam verilməsinin səbəblərindən, ölkədə ədalət sisteminin vəziyyətindən danışıb.

Sual: Nizami rayon məhkəməsi müxalifətdə olan REAL Hərəkatının lideri İlqar Məmmədovun məhkəməsində tənqidi çıxışınızdan sonra sizin vəkillik fəaliyyətinizə xitam verib. Münasibətiniz?

Cavab: Münasibətim yaxşı deyil, müsbət deyil, sevinmirəm buna. Birmənalı olaraq bu qərarı qanunsuz və əsassız sayıram. Bu qərar haqqında belə bir fikrim var ki, İlqar Məmmədovun məhkəməsində bildirmişdim, Azərbaycanda ədalət mühakiməsi yoxdur. Məhkəmədə də araşdırılan məsələ bununla bağlı idi. Məhkəmə sübut etməli idi ki, Azərbaycanda ədalət mühakiməsi var, ya yox. Məhkəmənin qərarından görünür ki, mən haqlıyam, Azərbaycanda ədalət mühakiməsi yoxdur. Əgər bir vəkili ölkədə ədalət mühakiməsi olmadığını iddia etdiyinə görə, hakimin qərəzli və ədalətsiz hökm çıxardığını iddia etdiyinə görə vəkillikdən çıxarılırsa, bu, artıq vəkillik fəaliyyətinin geniş anlamda, həm də dar anlamda ölkədə  mümkün olmadığının göstəricisidir. 

Sual: Məhkəmələr son illər Vəkillər Kollegiyasının müraciəti əsasında çoxsaylı vəkillərin fəaliyyətinə xitam verib. Ölkənin ədalət sistemindəki mövcud durumu necə qiymətləndirərdiniz?

Cavab: Vəkillik ölkədə ədaləıt sisteminin bir hissəsini təşkil edir. Ölkənin ədalət sistemi təkcə vəkillikdən ibarət deyil. Ölkənin ədalət sistemi bütün ölkədəki sistemə bağlı bir məsələdir. Məhkəmə sistemi bir qanad olaraq tam şəkildə artıq son günlərini yaşayır. Yəni, ümumiyyətlə məhkəmə hakimiyyəti, ədalət mühakiməsi birmənalı şəkildə yoxdur. Hakimiyyətin bir qanadının olmaması bütün tarazlığın pozulmasıdır. Ölkədəki hüquqla bağlı vəziyyəti belə səciyyələndirmək olardı (bu fikir mənim deyil, ancaq bu fikri tez-tez vurğulamağa çalışıram): ölkədə hüquq anlayışının dərin deformasiyası baş verir və bu deformasiya da birmənalı şəkildə  avtoritar sistemin təzyiqi altında baş verib. Hüquq artıq tamam başqa bir şeyə çevrilir, hüquq anlayışı dəyişir. Bu baxımdan da bu günlərdə baş verən hadisələr, günümüzdə baş verən ədalət haqqında təsəvvürlərin artıq heç bir ədalətlə, hüquqi ədalətə heç bir aidiyyatı yoxdur. Vəkilliyə gəldikdə isə, vəkillik ədalətin sadəcə bir hissəsini təşkil edir. Ədalət deyiləndə müəyyən maraqların (tərəzidə olduğu kimi) nisbiliyi nəzərdə tutulur. Vəkillik sadəcə bu tərəzinin gözlərindən biridir. Belə olan halda, vəkillik sıradan çıxarılırsa, təbii ki, hər-hansı bir tarazılıqdan, ədalətdən söhbət gedə bilməz.

Sual: Vəkillik institutunda köklü islahatları necə görürsünüz? Vəkillər Kollegiyasına alternativ qurumların yaranmasına ehtiyac duyulurmu?

Cavab: Bir çoxlarımız problemi Vəkillər Kollegiyasına altenativ qurumların olmamasında görürük. Mən bir o qədər bu fikirlə razı deyiləm. Problem ölkədəki bütöv sistemin mövcud olmamasındadır. Əvvəl bu sistem sırf dövlət strukturlarını nəzarətə götürən bir sistem idi. Yəni sırf özünün tabeçiliyində olan inzibati idarəçilik sistemini nəzarətə götürürdü. Amma, daha sonrakı mərhələlərdə bu sistem özünün birbaşa tabeçiliyində olmayan, hüquqi tabeçiliyində olmayan strukturları, partiyaları, QHT-ləri, sonra digər siyasi strukturları, dini qurumları və yaxud dövlətə bağlı olmayan digər qeyri-dövlət qurumlarını, sferaları nəzarətə götürməyə çalışdı. Bu olan təqdirdə bir və ya iki Vəkillər Kollegiyası olsun, heç bir önəmi yoxdur. Sistem qarşısına məqsəd qoyub ki, bütün sistemi ələ keçirsin, bütün sistemi nəzarətə alsın. Çoxlu mətbuat orqanı var idi, hakimiyyət hamısını nəzarətə götürə bildi. Burada bir və ya çox olmasının heç bir önəmi yoxdur. Yəni bir çox qərb ölkələrində özünü idarə edən vəkil qurumları yeganədir. Bu məsələ Avropa İnsan Hüquqları Məhkəməsində, Avropa İttifaqının məhkəməsində müzakirə mövzusu olub. Dövlətdə belə bir qurumun olmasını hüquq pozuntusu kimi qəbul etməyiblər. Yəni hüquq anlamında yol veriləndir. Məsələn, Belçikada həkimlərin bir ordeni var. Həmin ordenin üzvü olmasan həkim işləyə bilməzsən. Yəni bir qurumun olması problem deyil. Sadəcə ölkədəki sistem problemdir ki, bir qurum belə müstəqil fəaliyyət göstərə bilmir. Beş qurum da olsa, yenə eyni şəkildə nəzarətə götürüləcək. O baxımdan ölkədə sistemi dəyişmək lazımdır. Vəkillər Kollegiyasının, təbii ki, islahatlara ehtiyacı var. Amma bu islahatlar nə bu qurumun sayının artırılması ilə bağlıdır, nə də bu rejimdə mümkündür.

Google+ WhatsApp ok.ru