Ayda 60 manat verməklə mənzil sahibi olacaqsınız:Sosial evlərin tikintisi gündəmdədir!

Əli Məsimli: `Sosial ipoteka 50 min manat təşkil edir və 4 faiz dərəcəsi ilə 30 il müddətinə verilir`

Gənc ailələrə və mənzil sahibi olmaq istəyənlərə müjdə! Gələn ildən ölkədə sosial evlərin tikintisinə başlanıla bilər. Bu barədə İnterAz-a danışan millət vəkili Əli Məsimli bildirib ki, gələn il üçün konkret layihələr var.
 
“Hazırda fəaliyyətdə olan ipoteka modeli ilə yanaşı olaraq 2016-cı ildən gənclər, gənc ailələr üçün “Sosial Evlərin” tikilməsinin layihəsinin başlanılmasını təklif edirik. Hazırkı ipoteka şərtləri ilə ev almağa imkanı çatmayanlar ipoteka şərtlərində olduğu kimi, ayda 400 - 500 manat yox, 60 - 70 manat, maksimum 100 manat, imkanı çatan lap 150-200 manat ödəməklə sonda, yəni 20 - 25 ildən sonar bu evin sahibi olsun. İpotekaya belə sistemli şəkildə yanaşmaqla ölkədə tikinti sektorunun inkişafına yeni vüsət vermək, tikinti materialları sənayesini sürətlə inkişaf etdirmək və ən əsası isə əhalinin, xüsusən də gənc ailələrin mənzil probleminin həllini indiyəcən görünməmiş dərəcədə sürətləndirmək olar”- deyə deputat bildirib. Millət vəkili, digər variantların olduğunu da diqqətə çatdırıb. Söyləyib ki, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və 8 faiz dərəcəsi ilə 25 il müddətinə verilir. Sosial ipoteka 50 min manat təşkil edir və 4 faiz dərəcəsi ilə 30 il müddətinə verilir. İpoteka kreditlərinin məbləği o səviyyəyə qaldırılmalıdır ki, həmin məbləğə heç olmasa 2 otaqlı ev almaq mümkün olsun.
 
“Çünki hazırda kreditin 50 min manatlıq maksimal məbləği evlərin qiyməti ilə uyğunluq təşkil etmir, ən yaxşı halda bir otaqlı mənzil almağa yetir.Hesab edirik ki, ipoteka sırf qazanc mənbəyi yox, daha çox sosial layihə funksiyasını yerinə yetirməlidir. İpoteka krediti alan şəxs son nəticədə aldığı məbləğdən 2,3 dəfə artıq pul ödəməli olur. Bu yükü azaltmaqdan ötrü sosial ipotekada faiz dərəcəsinin 4 faizdən 2 faizə, adi ipotekada isə 8 faizdən 5 faizə endirilməsini zəruri hesab edirik. İkincisi, ilkin odənişin aradan qaldırılması üçün xüsusi fondun yaradılmasını və ya başqa üsulla bu sahədəki problemin həllini vacib hesab edirik. Üçüncüsü, ipoteka kreditləşməsinin regionlara tətbiqi istiqamətində atılmağa başlayan ilk addımların sürətləndirilməsini təklif edirik ki, Bakıdan əlavə digər şəhərlərimizdə və rayonlarımızda yaşayanlar da ipoteka krediti ala bilsinlər”.

Google+ WhatsApp ok.ru