Ramil Əzimov Yəcuc və Məcuc qövmü Quran və hədislərdə 07 İyun 2013 01:00 Ramil Əzimov Yəcuc və Məcuc tayfası necə məxluqlardır? Qiyamət mövzusu önəmli və vacib mövzulardan olduğundan Qurani-Kərimdə bu məsələyə geniş yer verilmişdir. Qiyamət və ondan əvvəl baş verəcək hadisələr haqda Qurani-Kərimdə çoxlu ayə nazil olumuşdur. Qeyd olunan hadisələrdən biri də Yəcuc və Məcuc tayfasının meydana gəlməsidir. Bu tayfa haqda həm Qurani-Kərimdə, həm də hədislərdə məlumat verilmişdir. “Kəhf” surəsinin 94-cü ayəsində buyurulur: قَالُواْ يَاذَا الْقَرْنَينِْ إِنَّ يَأْجُوجَ وَ مَأْجُوجَ مُفْسِدُونَ فىِ الْأَرْضِ فَهَلْ نجَْعَلُ لَكَ خَرْجًا عَلىَ أَن تجَْعَلَ بَيْنَنَا وَ بَيْنَهُمْ سَدًّا Onlar (tərcüməçi vasitəsilə) dedilər: “Ey Zülqərneyn! Yəcuc-Məcuc (tayfaları) bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ (yaxud xərac) versək olarmı?” “Ənbiya” surəsinin 96-cı ayəsində də belə buyurulur: حَتىَّ إِذَا فُتِحَتْ يَأْجُوجُ وَ مَأْجُوجُ وَ هُم مِّن كُلِّ حَدَبٍ يَنسِلُونَ “Nəhayət, Yəcuc-Məcuc (səddinin) açılıb (dağılıb) onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sürətlə axışdıqları zaman...” Bu ayələrdə iki qaranlıq məqam var: 1. Yəcuc və Məcuc qövmünün yaşadığı dağ hansı dağdır. 2. Yəcuc və Məcuc tayfası necə məxluqlardır və hansı xüsusiyyətlərə malikdir. İlk öncə bu iki əsas sualı qısa da olsa, cavablandıraq: 1. Yəcuc və Məcuc qövmünün yaşadığı dağ hansı dağdır?: Təsfirçilər bu suala müxtəlif cavablar vermişlər. Bəzilərinin fikrincə Zülqərneynin çəkdiyi məşhur Çin səddidir. Bu nəzər Quranda vəsf olunmuş sədlə uyğun gəlmir. Qurani-Kərimdə sözügedən sədd ilk növbədə mis və dəmirdəndir. Həm də iki dağın arasındadır. Halbuki Çin səddi nə iki dağın arasında yerləşir, nə də mis və dəmirdən düzəldilmişdir. Bəzi təfsirçilər isə Yəcuc və Məcuc tayfasının arxasında yaşadığı sədd Yəməndə yerləşən Marib səddidir. Bu nəzər də Qurani-Kərimlə müxalifdir. Çünki sözügedən sədd mis və dəmirdən düzəldilməyib. Uyğun sədd yalnız Xəzər və Qara dənizlərinin arasında yerləşən dağlardakı “Daryal” boğazda olan səddir. Çünki bu sədd dəmirdəndir.(“Nümunə təfsiri”, c.12, səh.552; “Əl-mizan”, c.13, səh.525.) 2. Yəcuc və Məcuc tayfası necə məxluqlardır?: Bu haqda şiə və əhli-sünnə təfsirçilərinin arasında fikirayrılığı var. Şiə alimləri bu iki ayəyə əsasən, Yəcuc və Məcucun qarətgər və yer üzündə fəsadlar törədən bir tayfa olduğunu bildirirlər. Onlar bu haqda buyurulmuş hədisləri mötəbər saymadıqları üçün, yalnız Qurani-Kərimdəki xüsusiyyətlərlə kifayətlənmişlər.(“Əl-mizan”, c.13, səh.525.) Əhli-sünnə təfsirçilər isə bu hədislərə istinad edərək Quranın buyurduğundan əlavə, Yəcuc və Məcucu ağlasığmaz tərzdə vəfs etmişlər. Məsələn: Bu tayfaya məxsus olanlar öz nəslindən min nəfəri görməyincə ölməzlər və boyları hədsiz dərəcədə uzundur. (“Əl-kəşşaf”, Zəməxşəri, c.2, səh.747.) YƏCUC VƏ MƏCUC QÖVMÜ HƏDİSLƏRDƏ Hədislərimizdə Yəcuc və Məcuc tayfası haqda geniş məlumatlar gəlmişdir. Onların zahiri görünüşləri, xüsusiyyətləri və qiyamət günü ərəfəsində görəcəyi işlər və sair məsələlər geniş və ətraflı şəkildə açıqlanmışdır: 1. Yəcuc və Məcuc qövmünün xüsusiyyətləri: Hüzeyfə deyir: Peyğəmbərdən (s) Yəcuc və Məcuc haqda soruşdum. Həzrət buyurdu: “Yəcuc və Məcuc ayrı-ayrı ümmətlərdir. Hər ümmət də 400 tayfadan təşkil olunmuşdur. Yəcuc və Məcuc tayfasından olanlar öz nəslindən min nəfəri görməyincə ölməzlər.” Hüzeyfə deyir: Peyğəmbərdən (s) onlar haqda daha ətraflı danışmasını xahiş etdim. Peyğəmbər buyurdu: “Onlar üç dəstəyə bölünür. Bir dəstəsi “ərz”ə bənzəyər. Dedim: “Ya Rəsuləllah, ərz nədir?” Buyurdu: “Şam vilayətində olan uzun bir ağac adıdır. Bir dəsətəsinin uzunu ilə eni bərabərdir. Üçüncü dəstənin isə uzun qulaqları var... Qarşılarına çıxan fili, dəvəni, donuzu və vəhşi heyvanları yeyərlər. (“Biharul-ənvar”, c.6, səh.297.) 2. Yəcuc və Məcuc Nuh peyğəmbərin (ə) nəslindəndir: Əbdüləzim Həsəni imam Həsən Əskəridən (ə) belə nəql edir: Bir gün Nuh (ə) gəmidə yatmışdı. Bir külək əsdi və onun eyib yerləri göründü. Bu mənzərəni görən Həzrətin iki oğlu Ham və Yafəs atalarına güldülər. Nuhun (ə) üçüncü oğlu Sam isə onları bu işdən çəkindirdi. Onlar qardaşlarının sözünə baxmayıb, gülməyə davam etdilər. Bu vaxt Nuh (ə) yuxudan oyandı. İki oğlunun güldüyünü görüb soruşdu: “Niyə gülürsünüz?” Həzərətin oğlu Sam hadisəni danışdı. Nuh (ə) əlini qaldırıb belə du etdi: “İlahi! Hamın nütfəsini dəyişdir. Onun nəslindən yalnız Sudan (qaradərili) yarat. İlahi! Yafəsin də nütfəsini dəyişdir.” Allah-Taala Nuhun (ə) duasını qəbul etdi. Hal-hazırda Sudan tayfası Hamın övladları, Türk, Səqabilə, Yəcuc və Məcuc və çinlilər Yafəsin övladları, ağdərili isə Samın nəslindəndir...” (“İləluş-şərayi”, c.1, səh.31.) 3. Yəcuc və Məcucun aqibəti: Peyğəmbər (s) buyurdu: “Mən meracda ikən Yəcuc və Məcucu Allahın dininə və ibadətinə çağırdım. Onlar qəbul etmədilər. Bu tayfa günahkarlar və İblislə birlikdə cəhənnəmdə yanacaqlar.” (“Əd-durrul mənsur”, c.4, səh.250.) HƏDİSLƏR HAQDA ARAŞDIRMA Mən yuxarıdakı hədislər haqda böyük islam alimlərindən olan mərhum Ayətullah Mərifətin nəzərini qeyd etmək istəyirəm. Ayətullah Mərifət bu hədisləri belə dəyərləndirir: Bu hədislər saxta və israiliyyat hədisləridir. Bunlar bir sıra xuratlardır ki, yəhudilər onları Kəbül-Əhbar kimilərinin vasitəsilə İslam ədəbiyyatına daxil etmişlər. Bu hədislərin heç birinin mətni (sənədinin zəif olmasına baxmayaraq) nə Quran, nə sağlam ağılla uyğunlaşmır. Bu hədislərin əksəriyyəti əhli-sünnə təfsirlərində nəql olunmuşdur ki, təfsirçilərin özləri də onları saxta sayırlar. Məsələn, Cəlaləddin Siyuti, İbn Cövzi, İbn Kəsir və s. bu hədisləri rədd etmişlər. (“Ət-təfsir vəl-müfəssirun”, c.2, səh.246.) NƏTİCƏ: Yəcuc və Məcuc haqda buyurulumuş ayə və hədisləri araşdıqdan sonra belə nəticəyə gəldik ki, Qurani-Kərimdə buyurulduğu kimi, onlar Allahın yaratdığı varlıqlardır. Zülqərneynin dövründə Xəzər və Qara dənizlərinin arasında yerləşən dağlardakı “Daryal” boğazında yaşayırmışlar. Yer üzündə fəsad törədir və həmin ərazidə yaşayan insanları incidirdilər. Zülqərneyn Yəcuc və Məcucla incitdikləri insanlar arasında böyük sədd çəkib insanları onların şərindən qurtardı. Bu sədd qiyamət gününə yaxın açılacaq və onlar yenidən yer üzünə gəlib insanları incidəcəklər. Yəcuc və Məcuc haqda buyurulmuş hədislər isə aşağıdakı səbəblərə görə zəif və etibarsızdır: 1. Hədislərin sənədləri zəifdir. Çünki onlar Kəbül-Əhbar, Vəhəb ibn Münəbbəh, Əbu Hureyrə və digər siqə və etimad olunmayan ravilər vasitəsilə nəql olunmuşdur. 2. Hədislərin mətni Quran ayələri ilə ziddiyyət təşkil edir. Şiə mənbələrində, məsələn, “İləluş-şərayi”, “Biharul-ənvar”da nəql olunan hədislərə gəldikdə, bunlar əhli-sünnə mənbələrindən şiə hədislərinin arasına daxil olan hədislərdir. Onlar da əhli-sünnə mənbələrindəki hədislərin hökmündədir və hədis elmində belə hədislər “Müntəqilə hədislər” adlanır. Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru