Rza Şükürlü O günə hazırsanmı? 11 Dekabr 2019 10:04 Rza Şükürlü Hər bir insan bir gün bu dünyaya gəlir və bir gün də bu dünyadan köçəcək. Bu gəliş-gediş məkanı arasında fərq olduqca böyükdür. Çünki bu dünyaya gəliş qısa, o dünyaya gediş isə həmişəlikdir. Sözsüz, insanın həmişəlik axirət səfərinə hazırlığı üçün saleh və yaxşı əməllərə ehtiyacı var! Söz mülkünün sahibi Əmirəlmöminin Əli (ə) buyurur: مَنْ تَذَكَّرَ بُعْدَ السَّفَرِ اسْتَعَد “Hər kim axirət səfərinin uzaqlığını xatırlasa (və ona əhəmiyyət versə), özünü (səfərə) hazırlamışdır.” (“Nəhcül-bəlağə”, Sübhi Saleh, qısa kəlamlar 525.) Biz insanlar bir neçə günlük dünyəvi səfərə hazırlıq gördüyümüz kimi, əbədi axirət səfərinə hazırlıq və tədbir görməyimiz də zəruridir. Əmirəlmöminin Əli (ə) axirət səfərinə hazırlıq barədə uyurur: “Ey insanlar! Hərəkətə hazırlaşın. Allahın rəhməti sizin üzərinizdən əskik olmasın. Artıq, sizin aranızda köç fəryadı üfürülmüşdür. Səfərə çıxmaq üçün hazır olun. Köç fəryadı ucaldığı halda, nə üçün dünyadan yapışıb öz yerinizdən tərpənmirsiniz? Allah sizi bağışlasın, ayağa qalxın və səfər ehtiyatını hazırlayın.” Əbədi axirət səfərinə hazır olmaq üçün, mütləq məsum rəhbərlərimizin kəlamlarından bəhrələnməli və onları həyatımızda gerçəkləşdirməliyik. Mövla Əmirəlmöminin Əlidən (ə): “Ölümə hazırlıq necə olmalıdır?” – deyə soruşulduqda, Həzrət buyurdu: “Vacib əməlləri yerinə yetirmək, haramlardan çəkinəmək və əxlaqi gözəlliklərə sahib olmaqla! Bundan sonra, ölümün insanın sorağına gəlişi və yaxud insanın ölümə yaxınlaşması barədə qorxu aradan qaldırılar. Allaha and olsun ki, Əlinin (ə) “ölümün onun sorağına gələcəyi və yaxud onun ölümə çatacağı”ndan qorxusu yoxdur.” (“Biharul-ənvar”, “İman və küfr” kitabının tərcüməsi, (Ətarudinin tərcüməsi), 2-ci cild, səh.220.) Demək, ilahi vacibləri yerinə yetirən, günahlardan çəkinən və gözəl əxlaqa sahib olan insan axirət səfərinə hazırdır və belə bir kəsin bu səfərdən qorxusu olmaz. Qurani-Kərimin “Yunis” surəsinin 4-cü ayəsində buyurulur: إِلَيْهِ مَرْجِعُكُمْ جَميعاً وَعْدَ اللَّهِ حَقًّا إِنَّهُ يَبْدَؤُا الْخَلْقَ ثُمَّ يُعيدُهُ لِيَجْزِيَ الَّذينَ آمَنُوا وَ عَمِلُوا الصَّالِحاتِ بِالْقِسْطِ وَ الَّذينَ كَفَرُوا لَهُمْ شَرابٌ مِنْ حَميمٍ وَ عَذابٌ أَليمٌ بِما كانُوا يَكْفُرُونَ “Hamınızın (axır) dönüşü Onadır (Allahadır). Bu, Allahın haqq olan vədidir. O, insanları yoxdan yaradır, sonra iman gətirib yaxşı işlər görənləri ədalətlə mükafatlandırmaq üçün (qiyamət günü) yenidən dirildir. Kafirləri etdikləri küfrlərə görə qaynar su (cəhənnəm içkisi – həmim) və şiddətli bir əzab gözləyir!” Bu ayədə Allaha doğru dönüşdən, bu dünyadan axirət aləminə səfərdən söz açılır. Ayədən anlaşılır ki, saleh əməllər yerinə yetirib günahlardan çəkinənlərin bu səfərə lazımi hazırlıqları vardır və onların mükafatı behiştdir. Küfr və nankorluqla bu səfərə çıxanları isə şiddətli cəhənnəm əzabı gözləyir. Mövla Əmirəlmöminin (ə) növbəti bir hədisdə insanları axirət səfərinə azuqə hazırlamağa təşviq edir və buyurur: “Ey Allahın bəndələri, Allaha qarşı günah etməkdən çəkinin və ölümü öz (xeyirxah) əməllərinizlə qarşılayın. Əlinizdən çıxanı deyil, sizlərə qalanı (saleh əməlləri) alın. (Axirət səfərinə) hazır olun ki, sizi köçürməyə çalışır və tələsir, sizi kölgəsinə alan (nişanələri görünən) ölümə hazırlaşın.” (“Nəhcül-bəlağə”, Fəqihi, xütbə 62.) İmam Əli (ə) Allah bəndələrini saleh əməllərlə Allahın razılığını qazanmağa və axirət səfərinə hazırlaşmağa dəvət edir. İnsanlardan elələri var ki, dünya imkanlarından bəhrələndikləri halda, axirət üçün də çalışır və bu mübarək ayəni diqqət mərkəzində saxlayırlar: وَابْتَغِ فِيمَا آتَاكَ اللَّهُ الدَّارَ الْآخِرَةَ وَلَا تَنسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا وَأَحْسِن كَمَا أَحْسَنَ اللَّهُ إِلَيْكَ وَلَا تَبْغِ الْفَسَادَ فِي الْأَرْضِ... “Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı (ömür və maldan olan) nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et və yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə...” İnsanlardan elələri də var ki, tamamilə bu yolun əksinə hərəkət edir, mal, vəzifə və şöhrətpərəstlikləri Allahı və axirəti unutdurur və sonda ilahi əzaba mübtəla olurlar. Bir sözlə, vaxt azdır; günahlardan çəkinmək, saleh əməllər yerinə yetirmək, əxalqi gözəlliklərə sahib olmaq, Allahı və axirəti unutduran əməllərdən uzaqlaşmaqla axirət səfərinə hazırlaşmaq lazımdır. Rza Şükürlü (Maide.az) Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Digər məqalələr O günə hazırsanmı? Mirvari içində bir sədəf Cəhənnəmdə əbədi qalan 8 zümrə DÜNYANIN ƏN TƏHLÜKƏLİ “ALZHEİMER”İ (UNUTQANLIQ XƏSTƏLİYİ) İMAM MEHDİNİN (Ə.C.) KƏLAMINDA ŞƏHİDLƏR SƏRVƏRİ İMAM HÜSEYNİN (Ə) ON XÜSUSİYYƏTİ ”TƏBLİĞ” AYƏSİ VƏ QƏDİR-XUM” HADİSƏSİ RAMAZAN – TƏLİM-TƏRBİYƏ AYI XƏZAN HƏYAT ÖMRÜN BEŞ MƏRHƏLƏSİ İSLAM – QƏDDARLIQ, YOXSA MƏRHƏMƏT?! ÖZÜNÜİSLAHDA İLK ADDIM – DİL VƏ DANIŞIQ