Azərbaycanlı ilahiyyatçı Mustafa İslamoğluna cavab verdi

Türkiyədə din alimlərindən olan Mustafa İslamoğlu cümə çıxışlarının birində barəsində yayılan iddialarla bağlı danışıb. Mustafa İslamoğlu çıxışında onu şiə adlandıranları sərt tənqid edib və əxlaqsız kimi qələbə verib. O deyib ki, şiə əqidəsinə qarşı 21 il əvvəl kitab yazıb və İmamət teoriyasını qəbul etmir: "Şiələrin bir nömrəli əqidəsi İmamətdir. Mənim İmamət nəzəriyyəsini qəbul edəcəyimi ehtimal edirsinizmi? Mənim Allah rəsulunun sultan kimi yerinə kimisə təyin edəcəyinə inandığımı düşünürsünüzmü? Bu düşüncələrə qarşı olduğumu 21 il əvvəl yazdığım kitabda göstərmişəm".

M. İslamoğlu cümə xütbəsində həmçinin müsəlmanların 12-ci imamı Həzrəti Mehdinin (ə.f) zühur edəcəyinə dair fikirləri də qəbul etmədiyini deyib. O, həmçinin 12-ci imam əqidəsinin zərdüştlük və xristianlıqla əlaqələndirib.

Mustafa İslamoğlunun səsləndirdiyi fikirlərlə bağlı AzadXeber.net-ə açıqlama verən ilahiyyatçı alim, Fəlsəfə elmləri namizədi Vaqif Arifoğlu bildirdi ki, xilafət və imamət məsələsi peyğəmbər tərəfindən açıq-aşkar şəkildə bəyan olunduğu üçün bütün məzhəblər tərəfindən qəbul olunur. Böyük sünni və şiə alimlərinin imaməti həm dünya, həm də axirət üçün zəruri bir öhdəlik kimi qəbul etdiklərini söyləyən ilahiyyatçı alim, “raşidi xəlifələrindən olan Əbubəkr, Ömər və Osmanı da təyinatla xəlifə seçiliblər. Belə ki, Əbubəkr bir neçə nəfərin səs verməsi ilə, Ömər Əbubəkrin təyinatı, Osman isə şuranin seçimi ilə xəlifə təyin edildi. Xəlifələrdən yalnız Həzrət Əli(ə) insanların təkidi ilə xəlifəlik məsuliyyətini üzərinə götürüb. Maraqlı olan budur ki, xəlifələr özlərindən sonra ümmətə başçı təyin etmək məsələsini düşündükləri halda,  məgər bu barədə peyğəmbər heç nə düşünməyib”, - deyə bildirdi: “Tamamilə sübuta yetirilmiş məsələdir ki, əziz İslam peyğəmbəri (ə) özündən sonrakı xəlifəni təyinatla müəyyənləşdirib. Məhz şiə ilə sünni arasındakı fərq də bundan ibarətdir ki, şiələr peyğəmbərdən sonrakı xəlifənin Allahın əmri ilə təyini, sünnilər isə insanların ixtiyarında qalan bir məsələ kimi qəbul edirlər. Eyni halda təyin məsələsi qaçılmaz və mütləq şəkildə sübuta yetirilib.”

Ekspert onu da bildirdi ki, danışılan hər bir söz və səsləndirilən istənilən iddia dəlil və sübuta əsaslanmalıdır: “İmam Zaman (ə.f.) mövzusu ilə bağlı tarixi sənədlərə nəzər yetirsək şahidi olarıq ki, bu tamamilə inkar edilməz bir mövzudur. Bu məsələ təkcə şiələrə aid bir məsələ deyil. İmam Mehdi məsələsi bütün məzhəblər tərəfindən qəbul olunub. Hətta bir çox böyük əhli-sünnə alimləri İmam Mehdinin doğulduğunu da təsdiq ediblər. Sadəcə bəzi sünnilərlə şiələr arasındakı fərq yalnız bundan ibarətdir ki, sünnilər İmam Mehdinin dünyaya gələcəyini, şiələr isə artıq doğulduğunu söyləyirlər. Görünür İmam Zaman mövzusuna düşmən kəsilənlər əslində bununla İslamın köklərini vurmaq istəyirlər."

Google+ WhatsApp ok.ru