Azərbaycanın kənd təsərrüfatını kim yandırır?

Vahid Məhərrəmov: «Belə hadisələrin baş verməsi hökumətin düşünülməmiş siyasətinin nəticəsidir»

Son günlərin ən aktual hadisələrindən biri taxıl sahələrinin biçindən sonra yandırılmasıdır. Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə müraciətində də bildirilir ki, biçindən sonra taxıl sahələrinin yandırılması torpaqda üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin şəkildə azalmasına səbəb olur. Müraciətdə qeyd olunur ki, samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət tələb olunur.
 
Müraciətdə konkret rəqəmlər də göstərilib. 1 hektar sahədə samanın yandırılması nəticəsində 40-50 kq. azot, 70-80 kq. fosfor, 90-100 kq-a qədər kalium elementi və 1-1,5 ton humus itirilir ki, bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton həcmində üzvi gübrə verilməsi tələb olunur. Eyni zamanda, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığının 20-30 faiz azalmasına səbəb olur.
 
Xatırladaq ki, bu il Xaçmaz, Şəki və digər bölgələrin taxıl sahələrində böyük yanğınlar baş verib. Görəsən, belə hadisələrin son dönəmdə daha da intensivləşməsinin səbəbi nədir?
 
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov "Azadlıq"a açıqlamasında bunu hökumətin bu sahədə yanlış siyasətilə əlaqələndirir. Hökumət məhsuldarlığı artırmaq üçün ikinci əkinə start verib. Lakin ikinci əkini həyata keçirmək üçün əvvəlcə bir sıra tədbirlər görülməli idi. Ekspert ölkəyə gətirilən bahalı kombaynların bizim relyefə uyğun gəlmədiyini, normal biçin həyata keçirə bilmədiyini deyir. Həmin kombaynlar biçin aparan zaman taxılın yalnız üst hissəsini götürür, bitkinin əsas hissəsi isə yerdə qalır. Belə olan halda, biçindən dərhal sonra kotanı salıb şum aparmaq mümkün olmur: “Biçindən sonra digər texnikanın köməyilə qalmış bitki qalığını aşağı hissədən götürərək xırdalayıb, həmin sahəyə səpmək lazımdır. Əslində, belə bir proses nəzərdə tutulmalıydı. Bu tədbir əvvəlcədən düşünülməyib və fermerlər də ikinci əkini aparmaq üçün sahəni əkərək, səpin işi həyata keçirməlidir. Lakin bu vəziyyətdə əkin işlərini aparmaq çox çətin olduğundan sahəni yandırırlar. Bu il taxıl sahələrinin yanmasının əsas səbəbi də budur. Yəni sahələrdə yanğınların geniş vüsət alması hökumətin apardığı düşünülməmiş siyasətlə bağlıdır. Onlar fermerləri ikinci əkini aparmağa tələsdirirlər. Fermerlər də ciddi çətinliklə üzləşirlər və sahəni yandırmaqda maraqlı olmasalar da, onların başqa çıxış yolları qalmır”.
 
V.Məhərrəmov bu gün istifadə olunan gübrələrin tələbatın təxminən 5 faizi qədər olduğunu deyir. Aqrar sahədə problemləri həll etmək, eləcə də taxıl sahələrində yanğınların qarşısını almaq üçün fermerləri lazımi texnika ilə təchiz etməyi vacib sayan ekspert əlavə edir ki, bu sahəyə nəzarəti artırmağın zamanı çoxdan gəlib.

Google+ WhatsApp ok.ru