Azərbaycan gəncinin vətənpərvərlik tərbiyyəsində Aşuranın rolu 04 Oktyabr 2016 01:00 Məqalə Böyük və əzəmətli aylardan hesab edilən Məhərrəm hicri qəməri ilinin birinci ayıdır. Məhərrəm Qurani-Kərimdə qiymət verilən 4 aydan biri olmaqla, haram aylardan sayılır. Allah- Təala Müqəddəs Qurani-Kərimin Tövbə surəsinin 36-cı ayəsində buyurur: "Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zilqə'də, zilhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin”. Məhərrəmi digər aylardan fərqləndirən daha bir böyük hadisə və şəxsiyyət də var: Bu Kərbəla hadisəsi və İmam Hüseyn (ə) şəxsiyyətidir. Hər il Məhərrəm ayının 10-cu gününü – Aşuranı, müsəlmanlar dərin hüzn və kədərlə anırlar. Çünki məhz Aşura günü Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn (ə) 72 inanclı ilə birlikdə Kərbala adlanan yerdə Yezid tərəfindən şəhid edilmişdir. Kərbəla faciəsi ilə bağlı günümüzə bir çox hədislər gəlib çatmışdır. İslam Peyğəmbəri buyurub : “Həqiqətən Hüseyn hidayət çırağı və nicat gəmisidir!” İmam Hüseyn (ə) buyurmuşdur: “Mən ölümü səadət, zalimlərlə birgə yaşamağı isə ar hesab edirəm”. Kərbəla hadisəsindən min ildən artıq vaxt keçməsinə baxmayaraq,dünyanın bir çox müsəlman ölkələrində, eləcə də Azərbaycanda amansızlıqda qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir.Ölkəmizdə minlərlə inanclı bu faciəli, lakin şərəfli günü anmaq üçün məscidlərə gedir, əza saxlayır, Allaha xatir nəzir verir və ehsan paylayır. Müsəlmanlar bunu İmama olan sevgidən irəli gələn bir hal kimi qiymətləndirirlər. Müsəlman ümmətinin tarixinə kədərli, lakin, eyni zamanda, insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Çünki məhz Aşura məktəbi insanlara bir çox dəyərləri aşılayaraq, onları düz yola yönəldir. Bəs görəsən gənclərin vətənpərvərlik ruhunda tərbiyyə olunmasında Aşura məktəbi hansı rola malikdir? İslaminSesinin ünvanladığı sualı ilahiyyatçı alim Hacı Əfqan Muradov cavablandırıb. İlahiyyatçı bildirib ki, müxaliflər dini insanların içərisində deyil, kənarında görməyə çalışırlar. Yəni onlar üçün dindar və qeyri-dindar məfhumları mövcuddur. Əslində isə belə deyil. Çünki İmam Hüseyn (ə) hərəkatı bütün dünyanın azadlıqsevərləri, zülmlə barışmayan insanları üçün bir məktəbdir. İlahiyyatçı alim bildirib ki, Azərbaycanın torpaqlarının 20 faizi işğal altındadır. Bu gün torpaqlarımızın azadlığının ən başlıca yolu gənclərimizin Kərbəla məktəbini doğru-düzgün öyrənməsindən keçir. Çünki Kərbəla məktəbi zalımlarla mübarizədə insanların içindəki ölüm qorxusunu ya birbaşa yox edir, yaxud da azaldır. Ona görə də, Kərbəla hadisələrini biz həm şüurlu şəkildə dərk etməli, həm də şüar kimi yaddaşımızda saxlamalıyıq. Hacı Əfqan Muradov bildirib ki, dünyada və xüsusən də ölkəmizdə insanların bir-birinə qarşı yadlaşdığını müşahidə edirik. Lakin Kərbəla məktəbi insanlara qohumluq və insanlığın, mehribançılığın, qəhrəmanlığın nə olduğunu aşılayır. Bu cür tərbiyyəvi əhəmiyyətli dəyərləri insanların yaddaşına həkk edir. Teqlər : #Azərbaycan gəncinin vətənpərvərlik tərbiyyəsində Aşuranın rolu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru MƏHƏRRƏM AYININ BİRİNCİ GÜNÜ KƏRBƏLADA BAŞ VERMİŞ HADİSƏLƏR CƏNAB QASİMİN (Ə) ŞƏHADƏTİ