BƏŞƏRİYYƏTİN NİCAT YOLU

BƏŞƏRİYYƏTİN NİCAT YOLU

Allah-taala bəşəriyyəti haqqa doğru hidayət etmək üçün yüz iyirmi dörd min (124000) Peyğəmbər göndərdi ki, Özü ilə bəndələri arasında vasitə olub, insanlara dünya və axirət səadətinin yolunu göstərsinlər. Onların birincisi Həzrət Adəm (əleyhis-salam), sonuncusu isə, Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-dir.
İslam dini həm maddi həm də mə᾿nəvi ehtiyacları tə᾿min etməyə qadir olması ilə sair dinlərdən üstündür. Bu müqəddəs din bəşəriyyəti təkamülə doğru aparmaqla yanaşı hər iki dünyada səadətə çatdırmaq üçün Tanrı tərəfindən İslam Peyğəmbəri vasitəsilə göndərilmişdir.
İslamın ulu Peyğəmbəri həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) Qur`ani-Kərimi özünün və gətirdiyi İslam dininin haqq olduğunu sübut edən bir sənəd olaraq təqdim etdi.
Qur`ani-Kərimdə İslam dini haqqında belə oxuyuruq:
«Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır.» 
Başqa bir ayədə belə buyurulur:
«Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə ziyankarlardan olar!» 
Müsəlman olan şəxs Allahdan qorxub, başqa maddi mənfəətlərə xatir dinini dəyişməməli, əksinə həqiqi müsəlman təkin yaşayıb, müsəlman kimi də dünyadan getməlidir.
Qur`ani-Kərimdə bu haqda belə buyurulur:
«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) dünyadan gedin!» 
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-in ən böyük mö`cüzəsi olan və o həzrətin haqq olmağını göstərən Qur`ani-Kərimi tanıyıb öyrənmək və eləcə də onun insanı mə᾿nəvi təkamülə yetirən mütərəqqi göstərişlərinə əməl etmək hər bir müsəlmana vacibdir.
Qur`ani-Kərimdə olan İslamın əsaslarını və əhkamını təfsirsiz əldə etmək mümkün olmadığı üçün Allah-taala Qur`anın bütün elmlərini İslam Peyğəmbərinə və mə`sum İmamlara öyrədib, onları Qur`anın həqiqi təfsirçiləri qərar vermişdir. Şiə alimlərindən əlavə, bir çox sünnü alimləri də Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə bir hədisi nəql edirlər.
«Yaxın zamanlarda mən Allah-taala tərəfinə çağrılacaq və onun də`vətini icabət (qəbul) edəcəyəm. Mən özümdən sonra sizin aranızda iki ağır (qiymətli) əmanət qoyub gedirəm. Onlardan biri Allah- taalanın müqəddəs kitabı olan Qur`an, digəri isə mənim itrətimdir. Qur`an göydən yerə çəkilmiş bir ipdir. İtrətim isə mənim Әhli-beytimdir. Həqiqətən mərhəmətli və xəbərdar olan Allah-taala mənə xəbər vermişdir ki, o ikisi (Qur`an və Әhli-beyt) birlikdə Kovsər-hovuzunun  kənarında mənə qovuşana qədər heç vaxt biri-birindən ayrılmayacaqlar. Məndən sonra görüm sizə tapşırdığım (Qur`an və Әhli-beyt) barəsində olan vəsiyyətimə necə əməl edəcəksiniz.» 
 

Google+ WhatsApp