Bu gün İmam Əlinin (ə) şəhadətə yetişdiyi gündür

“İnsanlardan eləsi də, vardır ki, Allahın razılığını qazanmaq üçün canını da, verər. Allah öz qullarına qarşı şəfqətlidir.” (“Bəqərə” surəsi, ayə 207)

Buludlar dolub... Dan yeri sökülmək üzrədir... Kufə küçələrində bir nigarançılıq var... Səssiz küçələrdə bir sızıltı duyulmaqdadır... Kimsəsiz, yetim uşaqların “getmə!” fəryadları Kufəni öz ağuşuna alıb... Məzlumlar gözlərini qəhər bürümüş halda, o zərbənin səsini gözləyirlər... Məscid qara bağlayıb... Mehrab kədərlidir... Mələklər növhə oxuyur... Mübarək qədəmlər Kufə məscidinə doğru atılır... Möminlər camaat namazı üçün cəmlənirlər... Əllahu Əkbər Əllahu əkbər sədaları eşidilir...

Təsliyət

Bildiyimiz kimi, Ramazan ayının 19-cu gecəsi və 21-ci gecəsi- yəni, qədr gecələri Həzrət Əli (ə) ilə də, bağlılığı olan bir gecədir. Qədr gecəs- ədalət carçısı, nuri-vilayət, nuri-hidayət, səxavət əhli, zahidlər sultanı, abidlər ağası, müttəqilər mövlası olan Həzrət Əlinin (ə) zərbətlənməsi və şəhadətə yetdiyi gecədir. İmam Zaman (ə.f) həzrətləri çox məhzundur bu hadisə ilə bağlı, çox dərdlidir, ürəyi dağdır. Bu hadisə ilə bağlı İmam Zaman (ə.f) həzrətlərinə və bütün Əli (ə) aşiqlərinə, bütün Əhli-Beyt (ə) aşiqlərinə, bütün müntəzirlərə başsağlığı verir, təsliyət ərz edirik!

Qədr gecəsi və...

Həzrət Əlinin (ə) biz bütün insani sifət və keyfiyyətlərini sadalamağa qalxışsaq, çox çəkər və ümumiyyətlə, O Həzrətin (ə) məqamını layiqincə ifadə edə bilmərik. Həzrət Əli (ə) haqqında Quranın, hədisin, Peyğəmbərin (s) danışdığı, təriflədiyi bir şəxsiyyətdir ki, bizim tərifimizlə O Həzrət (ə) layiqincə təriflənməz. Biz deyə bilərik ki, O Həzrət (ə) ibadət, təqva, zöhd, səxavət, şücaət, hidayət, inayət... əhli idi, İslam Peyğəmbərinin (s) qardaşı, fasiləsiz və həqiqi canişini və tərəfdarı idi. Həzrət Peyğəmbərin uğruna canını verməyə hazır olan bir fədakar idi, İslam ordusunun bayraqdarı və Nəbi (s) fədaisi idi.

Belə bir şəxsiyyətin biz, qədr gecəsi, Ramazan ayında şəhadət gününü qeyd edirik. Mübarəkdir o insan üçün ki, o insan Ramazan günlərinin, gecələrinin birində, xüsusən də, qədr gecəsində dünyasını dəyişə. Ağzı oruclu halda, mədəsi pəhrizli halda. Zatən, İmam Əli (ə) elə xilafətdən öncə də, xilafət etdiyi bir dönəmdə də, qarnını boş saxlar, çox qidalanmaqdan pərhiz edərdi.

Əlidən (ə) uzaq düşdüyü deyə, həlak oldu

Həzrət Əlinin (ə) qatili olan lənətlik ibn Mülcəmin özünü dünyada və Axirətdə bədbəxt eləməsinin əsas səbəbi, onun məhz, Əlidən (ə) uzaq düşməsi idi. İbn Mülcəm lənətlik, biz bilirik ki, xəvaricdən bir nəfər olub və xəvariclər- ta ki, Həzrət Əli (ə) Müaviyə lənətliklə Siffeyn adlı bir yerdə eyni adlı müharibəyə başladı- o zamana qədər Həzrət Əlinin (ə) yanında idi və hətta, Siffeyn döyüşündə belə, Həzrətin (ə) ordusunda, Həzrətlə (ə) çiyin-çiyinə vuruşurdu. O zaman qədər ki, Müaviyə lənətlik bir hiyləyə əl atdı və Quranları nizələrə taxıb “gəlin aramızda Quran hökm etsin” dedi. Daha doğrusu bu, lənətlik Əmr ibn Asın hiyləli siyasəti idi.

Malik Əştər Nəxəyi rəhmətlik- “Əli (ə) ordusunun qüdrəti” adına ləyaqəti çatan bir kimsə- Müaviyə lənətliyin bütün qoşununu demək olar ki, məhv eləmişdi, bircə bir çadırda Müaviyə lənətliklə, Əmr As lənətlik qalmışdı. Malikin çadırlarına daxil olub onları da, cəhənnəmlik etməyinə az qalmışdı ki, Əmr As məlum hiyləyə əl atdı və xəvaric çaşqınlığa düşdü və Həzrət Əlini (ə) qarşı tərəfin təklifi ilə razılaşmağa çağırdılar və and içdilər ki, Həzrət Əli (ə) Maliki durdurmasa, Əlini (ə) öldürəcəklər. Odur ki, Malik Öz İmamını (ə) təhlükədə qoymadı- artıq, ona bu xəbər çatmışdı və Həzrət Əli (ə) onu geri çağırmışdı.

mehrab_sehidi_397

Əli (ə) danışan Qurandır

Qurani-Kərim qədr gecəsində nazil edilib. Həzrət Əli (ə) qədr gecəsində şəhid edilib. Qurani-Kərim- Qurani-Samitdir, yəni sakit Quran, yəni, danışmayan Quran. Onunla kim danışmaq istəyirsə, gəlib Quranı vərəqləməlidir. Quran Allah kəlamıdır ki, Allahın səninlə danışmasını istəyirsənsə əgər, Quranı tilavət etməlisən. Quranı tilavət etməsən, O səninlə danışmaz.

Həzrət Əli (ə) isə Qurani-natiqdir. Həm natiqi-Quran, həm də, Qurani-natiq. Yəni, danışan Quran. Onun dediklərinin hər birinin mənbəyi Quranda var, O nə deyirsə, Qurandan öz qaynağını tapıb dedikləri. O, harda hidayətsiz insan varsa, onu hidayət etmək üçün yola çıxar. Necə peyğəmbər (s) gözəl buyurub ki, Quranla Əhli-Beyt (ə) bir-birindən ayrılmazlar. Və necə də, gözəl buyurub ki, onların hansı birindən kim ayrılsa, o zəlalətdədir və həlak olar. Dünyada və Axirətdə bədbəxt olar.

Olmaz ki, samit Quranı sevəsən, natiq Quranı sevməyəsən. Bu, Peyğəmbərin (s) məlum və mübarək nəsihətinə zidd bir əməldir. Axı, Peyğəmbər (s) buyurub ki, ikisi də, bir-birindən ayrılmazdır. Birini sevməyib də, digərini necə sevmək olar?

Odur ki, Müaviyə lənətlik Quranları nizəyə taxanda, İmamın (ə) ordusundakı bəzi camaat- yəni, xəvaric dedi ki, aramızda Quran hökm etsin. Halbuki Müaviyənin işi hiylə idi və o, heç də, Quranı özünə rəhbər bilmirdi. Həzrət Əli (ə) insanlara Quranı sevdirən bir kimsədir, ən gözəl Quran qarisi, təfsirçisi, mənasını, dərinliklərini, sirlərini biləndir. Bir neçə dəfə də, xəvarici qəflətdən ayıltmğa çalışdı ki, Müaviyənin hiyləsidir bu, o, mürəkkəbdir ki, kağızın üstündədir, natiqi-Quransa mənəm.

Həqiqətən də, Həzrət Əli (ə) onlara batil yolunu göstərmirdi, sadəcə Müaviyənin hiyləsindən agah idi. İmam Əli (ə) demirdi ki, yox, aramızda Quran hökm etməsin, Quran hidayət kitabıdır və Həzrət Əli (ə) Quranı hamıdan gözəl bilir və o məqamda elə Quranın hökmünü icra edirdi. Quranın “Təthir” ayəsi, “Əhzab” surəsinin 33-cü ayəsi buyurmurmu ki, “Biz Əhli-Beyti (ə) hər cür çirkinliklərdən pak qərar verdik.” “Aramızda Quran hökm etsin”- deyənlər çox gözəl bilirdilər ki, Quran Əlinin (ə) paklığına şəhadət verir və Onun məsumluğunu təsdiq edir və dəstəkləyir. Əli (ə) batilə zərrəcə meyl etməz!
O zaman ki, arada şayə yaymışdılar ki, “Quran ümmət arasında var, bu, bizə bəsdir”, hansı zamanda deyilmişdisə və deyilirsə, yanlış sözdür bu. Batil fikirdir. Çünki belə olsa idi, heç Allah peyğəmbərlər (ə) də, göndərməz idi. Bu Quranı axı, öyrədən bir kimsə, bir müəllim də, olmalıdır. Şagirdin qabağına niyə kitab qoyub oxumasını təmin etmirlər? Çünki o, müəllimsiz onu anlamaz. Müəllim- istiqamət verəndir.

Quran hidayət kitabıdır ki, Peyğəmbərdən (s) sonra onun müəllimi Əlidir (ə). Xəvaric İmamın (ə) sözünə baxmadı ki, Quranın o məqamda hökmünün nə olduğunu bilmədi və nəhayətən, Allahın Peyğəmbərinin (s) haqq canişininə qarşı çıxdılar, Ona zülm etdilər. Əslindəsə İmam Əliyə (ə) düşmənçilik etməklə öz nəfslərinə zülm etdilər.

İnsanlardan eləsi də, vardır ki...

Həzrət Əli (ə) Allahın dini yolunda canını fəda etməyə zatən hazır insan idi. Demək olar ki, bütün ömrü də, təhlükə və risklərin içində keçib və Allah O Həzrəti (ə) hifz edib. Həzrət Əli (ə) İslam tarixində kimsənin etmədiyi və mələklərin qiyamət gününə qədər tərifinə layiq görülən, Allahın Öz Kitabında mədh etdiyi bir əməlin sahibidir.

Hicrət zamanı, gecə ikən Həzrət Peyğəmbəri (s) şəhid etmə planı cızılmışdı Məkkə müşrikləri tərəfindən. Həzrəti (s) şəhid etmək fikrinə düşmüşdülər. Bir dəstə müşrik plan qurur ki, hər qəbilədən bir şəxs təyin edək ki, hər biri gecənin ala-qaranlığında O Həzrəti (s) yatağında şəhid etsinlər, bununla da, İslamın nuru sönsün. Allah, Öz Peyğəmbərini (s) bu məsələdən xəbərdar edir. Peyğəmbər (s) də, Əlini (ə) bu işdən xəbərdar edir.

Allah tədbir tökənlərin ən yaxşı tədbir tökəni və “Xeyrul-məkirin”dir! Onların tədbirinə qarşılıq olaraq çox gözəl bir tədbir tökür. Peyğəmbərə (s) gözəl bir plan öyrədir. Peyğəmbər (s) həmin plana uyğun olaraq, Həzrət Əliyə (ə) çox mühüm bir vəzifə tapşırır. Bir nəfər fədai lazım idi ki, Həzrət Peyğəmbərin (s) yatağında yatmalı və müşrikləri çaşdırıb, Peyğəmbərə (s) zaman qazandırmalı idi. Belə bir kəs, heç şübhəsiz ki, İmam Əli (ə) olmalı idi. Başqa kim bu fədakarlığı edə bilərdi və Peyğəmbərin (s) yatağında yatmağa layiq ola bilərdi? Həzrət Əli (ə) işi öz öhdəsinə götürür və Peyğəmbərin (s) yatağında yatır.

Həmin gecə müşriklər qurduğları plan əsasında xəlvətcə Peyğəmbərin (s) evinə gəlirlər və yatağına yaxınlaşıb üstündəki yaşıl örtüyü açanda, görürlər ki, yatağında 23 yaşlı, ömrünün baharını yaşayan bir gənc- Həzrət Əli (ə) yatıb. Onların bütün planları alt-üst olur. Həmin məqamda xəbər Əbu Sufyan lənətliyə çatanda, o, “bu necə imandır ki, Əli (ə) öz canını təhlükəyə atır” demişdi. Allah-Təala Həzrət Əlinin (ə) bu hərəkətini Quranda öyərək bu ayəni nazil etmişdir: “İnsanlardan eləsi də, vardır ki, Allahın razılığını qazanmaq üçün canını da, verər. Allah öz qullarına qarşı şəfqətlidir.” (“Bəqərə” surəsi, ayə 207)

Əli (ə) həmin insan idi və Əlinin (ə) ölümdən zərrəcə qorxusu yox idi. Bir insan idi Əli (ə) ki, zərbətlənəndə “Fuztu və Rabbəl-Kəbə!”, yəni, And olsun Kəbənin Rəbbinə ki, qurtuldum- demişdi. Allahın evində- Kəbədə dünyaya gələn Həzrət Əli (ə), Allahın evində- məsciddə də, şəhid olur. O gecədə ki, Quran nazil olub, o gecədə Həzrət Əli (ə) şəhid olmuşdur. Necə də, Quran və Əhli-Beyt (ə) bir-birindən ayrılmazdır.

Vədə dolub... dəqiqələr qalıb...

Nəhayət, vədə dolub, məqam yetişib. Ramazanın 19-cu gecəsidir. Xəvaricdən biri Misirdədir- Əmr Ası öldürmək üçün. Digəri isə Suriyada- Müaviyənin qətli üçün hazır olub. Ümmətin bədbəxti İbn Mülcəm lənətlik isə Kufədədir, Peyğəmbərin (s) haqqında “sən Mənim Özüm kimisən”- buyurduğu şəxsi qanına –qəltan etmək üçün gəlib. İbn Mülcəm Qutam adlı bir qızın evində qaldı. Qutama gözü düşdü. Qutamın atası və qardaşları xəvaricdən idilər və Nəhrəvanda Əlinin (ə) qılıncı Zülfəqar onları cəhənnəmlik eləmişdi. Qisas zamanı idi. Zatən Əlini (ə) öldürməyə gələn İbn Mülcəmin fikri qətiləşdi. Qutam mehriyyə olaraq 3 şey istədi ki, biri də, Əlinin (ə) qanı idi.

O an yetişdi. Əli (ə) Allahın dərgahına əllərini açıb dua edir: “İlahi, ölümü mənə mübarək elə!” Tez-tez həyətə çıxır, göylərə baxır və bu sözləri deyirdi: “Allaha and olsun ki, nə mən yalan deyirəm, nə də, mənə deyilən sözlər yalandır. Bu gecə həmin vədə verilmiş gecədir.” O, həmin gecə qızı Ummu Kulsumun evində bir az duzla çörək yeyib sübh namazını qılmaq üçün evi tərk etdi. Həyətdəki qazlar Həzrətin (ə) ayaqlarına dolaşırdı ki, bəlkə Həzrət (ə) fikrindən dönə. Amma, imkansız. İlahi təqdirdir bu. İmamın (ə) əbası qapının cəfdəsinə ilişir, bəlkə İmam (ə) getməyə. Amma, faydasızdır. O, Allah üçün şəhid olmağa gedir.

Məscidin qapıları açılır, hamı qapıya baxır, gələn Peyğəmbərin (s) nurudur, duyulan Peyğəmbərin (s) ətridir, hamı qalxır. Həzrət Əli (ə) mehraba yaxınlaşır. İbn Mülcəm bir kənardan Həzrəti (ə) izləyir. Şeytan ibn Mülcəmə yaxınlaşıb, artıq vaxtın çatdığını bildirir. Azan sədaları duyulur və “Əllahu Əkbər” nidası ilə namaz başlanır. Həzrətin son səcdəsidir bu. Mübarək başını səcdədən qaldıran kimi, İbn Mülcəm lənətlik şeytanın ona verdiyi zəhərli qılıncı Həzrətin (ə) mübarək başına zərblə endirir. Kufə səmalarını qara buludlar alır. Şiddətli ildırım çaxır. Məzlumlar bir ah-şivən qaldırıb haray çəkirlər. Yetim körpələr bu səsə oyanıb göz yaşı tökürlər. Mehrab qanlara boyanıb. Mübarək vücud yerə düşüb.

İlahi... bu nə dəhşətdir ki, ümməti-Muhəmməd (s) yaşayır. İlahi... bu nə dəhşətdir ki, mələklər haray çəkir...

Allah-Təala bizləri dünya və Axirətdə Quran və Əhli-beytdən (ə) ayrı salmasın, bu dünyada onların ziyarətindən, Axirətdə isə şəfaətindən binəsib eləməsin. Amin!/İHQ

Google+ WhatsApp ok.ru