Döyülərək öldürülən jurnalistin atası həkimlərlə üzləşmək istəyir

`Döyülən gün Rasim 1 saylı Klinik Xəstəxanaya gedib, 12 saat ərzində ona tibbi yardım göstərilməyib`

Bu yaxınlarda vəkil Əsabəli Mustafayevin prezident İlham Əliyevə müraciətindən sonra mərhum reportyor Rasim Əliyevin atası Məmmədəli Əliyev istintaqda ifadə verib. 
 
Bu barədə jurnalistin atası Məmmədəli Əliyev Meydan TV-yə bildirib. 
 
Məmmədəli Əliyev deyib ki, onlar müstəntiq Kamran Məmmədovun qarşısında 3 vəsatət qaldırıblar. Əsas vəsatət futbolçu Cavid Hüseynova qarşı irəli sürülən ittihama yenidən baxılması ilə bağlıydı: "İkinci vəsatət müayinə həkimlərinin yenidən dindirilməsi və bizimlə üzləşdirilməsi, üçüncü vəsatət ultrasəs müayinəsi aparan həkim Arzu xanımın fəaliyyətin araşdırılması haqqındaydı. Bizdə olan məlumata görə, onun ali məktəb diplomu yoxdur. Cavid Hüseynov barədə vəsatət təmin olunmadı, digər iki vəsatət haqqında deyildi ki, zərurət yaransa, bizi həkimlərlə üzləşdirəcəklər".
 
Mərhum jurnalistin atası deyib ki, Cavid Hüseynov Rasim Əliyevin döyülməsinin təşkilatçısıdır: "Bu döyülmə nəticəsində mən oğlumu itirmişəm. Döyülən gün Rasim 1 saylı Klinik Xəstəxanaya gedib, 12 saat ərzində ona tibbi yardım göstərilməyib. Əgər normal yardım göstərilsəydi, Rasim sağ qalardı. Rasim 1 saat yarım qəbul otağında gözləyib, biz gələndən sonra palataya köçürüblər. Ona görə də oğlumun ölümündə həkimlərin məsuliyyəti şübhəsizdir. İndiyə qədər bu barədə vəsatətlər versək də, təmin olunmur. Bir daha deyirəm, bizim həkimlərlə üzləşməyimizə imkan yaradılmır".

Google+ WhatsApp ok.ru