Hökumətin anonim məktublara qayıtmaqda məqsədi nədir?

Aslan Ismayılov: «Kimi «vurmaq» istəsələr, bu vasitədən istifadə edəcəklər; bununla da üzəduranlara imkan yaranacaq»

Anonim müraciət təcrübəsindən hələ sovet hökuməti kimi totalitar rejim imtina etdiyi halda, Azərbaycan hakimiyyəti bu praktikanı geri qaytarır. Şübhəsiz ki, bu heç də xoş niyyətdən irəli gəlmir.
 
Bu məsələ Milli Məclisin qəbul etməyi planlaşdırdığı “Vətəndaşların müraciətləri haqqında” yeni qanunda öz əksini tapıb. Qanun layihəsi parlamentin Insan Hüquqları Komitəsinin toplantısında müzakirə olunub. Komitənin sədri Rəbiyyət Aslanova bildirib ki, layihə parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq. Rəbiyyət Aslanova iddia edir ki, bu sahədə mövcud qanun dövrün tələblərinə cavab vermir, yeni qanun layihəsi dövlət və vətəndaşla idarəetmə mexanizminin daha effektli formasının tapılmasına xidmət edəcək. Hazırda qüvvədə olan qanuna görə, vətəndaşların müraciəti təklif, ərizə və şikayət formasında nəzərdə tutulurdusa, yeni qanunda bu say artırılıb. Yeni qanun layihəsində isə qüvvədə olan formalarla yanaşı, elektron, şifahi, yazılı, telefon, anonim, kollektiv müraciət, teleradio vasitəsilə edilən müraciətlər də daxildir.
 
Bəri başdan əminliklə demək olar ki, anonim müraciətlərin bir sıra fəsadları üzə çıxacaq. Hökumət bu vasitədən “arzuolunmaz” hesab etdiyi şəxslərə istifadə edə bilər. Elə qanun layihəsini təhlil edən hüquqşünaslar da bu fikirdədir.
 
Tanınmış vəkil Aslan Ismayılov deyir ki, köhnə formaya qayıdışın hansı əhəmiyyət daşıdığı bəlli deyil: “Belə çıxır ki, sovet sisteminə keçidə ümid edərək, Pavlik Morozovlar yetişdirmək istəyirlər. Burada insanların üzünə duranlara, onları şərləyənlərə imkan yaradaraq belə şəxsləri qiymətləndirmək məqsədi ola bilər. Anonim müraciətləri bərpa etmək həmin dövrə qayıdış deməkdir. Insanın təhlükəsizliyini təmin etmək məqsədi güdürlərsə, burda da məsələ başqa cür qoyulmalıdır. Vətəndaşların təhlükəsizliyini dövlət təmin etməlidir. Anonim müraciət hüquq-mühafizə orqanlarının əlinə fürsət verəcək ki, kimi ”vurmaq" istəsələr, anonim məktub təşkil edib, sonra da yoxlama aparıb rüşvət alsınlar".

Google+ WhatsApp ok.ru