Hökumətlərarası komissiya: Sanksiyaların ləğvindən sonra İran üçün proritet qonşu ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsi olacaq

“Düşünürəm ki, Qəzvin-Rəşt – Astara dəmir yolunun təkmilləşməsi ilə yüklərin tranziti, enerji sahəsində, xüsusilə qaz ixracatı sahəsində müştərək layihələrin icrası və s. bu kimi layihələr sanksiyaların ləğvindən sonra ikitərəfli əlaqələrin inkişafı üçün çox yaxşı prespektiv ola bilər”.
 
Bunu Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin Tehrana səfəri (3-4 avqust) öncəsi Trend-ə müsahibə verən İran-Azərbaycan hökumətlərarası komissiyanın katibliyinin rəhbəri Mehdi Möhtəşəmi bildirib.
 
O deyib ki, İran və 5+1 ölkələri arsındakı razılığın icrası və sanksiyaların ləğvi İran və Azərbaycan əlaqələrinə kölgə salmayacaq, bəlkə sanksiyaların ləğv edilməsi əlaqələrin inkişafında mövcud məhdudiyyətlərin aradan qaldırılması üçün yardımçı olacaq və bütün sahələrdə iki ölkə arsında münasibətlərdə bir sıçrayış baş verəcək.
 
İran və Azərbaycan arasındakı əlaqələr çox qədim tarixə malik olduğunu xatırladan M. Möhtəşəmi əlavə edib ki, iki ölkə arasındakı əlaqələr həmişə yaxşı səviyyədə olub: “Biz iki qonşu ölkəyik. Bizi bir-birimizə mədəni, tarixi, dil və dini bağlılıqlar bağlayır və biz bir-birimizdən ayrı ola bilmərik. Hər iki ölkənin taleyi, gələcəyi bir-birinə çox bağlıdır. Bizim qonşu olmağımız və bir-birimizə bağlılıqlarımızın olması əlaqələrimizin də yaxşı olması zəruriliyini yaradır. Sevindirici haldır ki, əlaqələrimiz yaxşı səviyyədədir. Düzdür bəzi vaxtlar əlaqələrimiz enişli-yoxuşlu olub. Bəzi vaxtlar çox aşağı səviyyədə olub, lakin həmişə öz inkişaf tempini davam etdirib. Beynəlxalq sansksiyaların ləğv edilməsindən öncə də Azərbaycan bizim üçün çox önəmli şərik olub və şərikdir. İran İslam Respublikasının xarici siyasətində sanksiyaların ləğv edilməsindən sonra proritet qonşu ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsi olacaq. Qonşu ölkələrimizin arasında bəzi ölkələr var ki, digərlərinə nisbətən çox seçilirlər və Azərbaycan bizim üçün həmin seçilmiş ölkələrdəndir".
 
M. Möhtəşəmi qeyd edib ki, iki ölkə arasında bir çox sahələrdə, o cümlədən enerji, dəmiryolu, limanlar və digər sahələrdə əməkdaşlıq üçün geniş potensial mövcuddur. Mövcud potensiallardan istifadə etməklə hər iki ölkə öz iqtisadi inkişafı naminə və digər ölkələrin bazarlarına, o cümlədən Avropa bazarlarına çıxa bilmək üçün birgə proqramlar həyata keçirə bilərlər. Azərbaycanın İran vasitəsi ilə Fars Körfəzi ölkələrinə , Mərkəzi Asiya ölkələrinə çıxışı təmin olunar.
 
M. Möhtəşəminin sözlərinə görə, Ş.Mustafayevin başçılıq etdiyi nümayəndə heyətinin İrana gözlənilən səfəri də iki ölkə arasında əldə olunmuş razılıqlarla bağlı görülmüş işlər və onların həyata keçirilməsini tezləşdirmək məqsədi ilə baş tutur. Belə səfərlərin baş tutması, görüşlərin keçirilməsi, aidiyyatı qurumlar arasında koordinasiya aparılması və hansısa məsələnin yerinə yetirilməsində ləngimələrin qarşısını almaq məqsədi ilə həyata keçirilir: “Hər iki tərəf əlaqələrin inkişafında mövcud maneələrin aradan qaldırılmasını müzakirə edir və çıxış yolları tapır. Bu baxımdan cənab M.Vaezi İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevi İrana səfər üçün dəvət edib. Səfərdə Ş.Mustafayevi Azərbaycanın müxtəlif qurumlarından rəsmilər və özəl sektordan 30 nəfər müşaiyət edir. İran və Azərbaycan arasında əməkdaşlıq üçün çox geniş potensial var. Hökumətlərarsı komissiyanın əməkdaşlıq sazişində iki ölkə arasında əməkdaşlıq üçün yol xəritəsi təyin olunub və hər iki tərəf hansı əsas layihələri icra edəcəyini bilir”.

Google+ WhatsApp ok.ru