Xarici ticarət dövriyyəsində fəlakət

Azərbaycanın idxal və ixracında 45,5 faizlik azalma

Samir Əliyev: «Manatın devalvasiyası ixraca heç bir fayda verməyib»
 
2016-cı ilin yanvar-fevral aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 2 milyard 203 milyon 344.30 min ABŞ dolları təşkil edib. “Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 45.51% azalıb.
 
 
Idxal əməliyyatları üzrə 979 milyon 874.94 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 42.67% azalıb), ixrac əməliyyatları üzrə isə 1 milyard 223 milyon 469.36 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 47.59 % azalmışdır) dövriyyə qeydə alınıb.
 
İxrac azalıb, idxal artıb
 
Yanvarda ixracÿ 657 milyon 76min dollar, fevralda 566 milyon 393.15 dollar, yanvarda idxal 437 milyon 596.45 min dollar, fevralda idxal isə 542 milyon 278.48 dolar təşkil edib. Göründüyü kimi, yanvar ayı ilə müqayisədə fevralda idxal artıb, ixrac isə azlıb. Idxalın artması indiki vəziyətdə yaxşı hall deyil, artan idxal dollara da tələbatı artırır. Dollara tələbatın artması isə onun qiymətini daha da artıra bilər.
 
Ucuz neftə görə Azərbaycanın itirdiyi fantastik məbləğlər
 
Azərbaycan 2016-cı ilin yanvar-fevral aylarında 940 milyon 495,11 ABŞ dollar dəyərində xam neft ixrac edib. “Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə azdır.
 
Xatırladaq ki, Azərbaycan 2013-cü ilin 2 ayında 3 milyard 538 milyon 865 min dollarlıq, 2014-cü ilin 2 ayında 3 milyard 268 milyon dollarlıq, 2015-cı ilin anoloji dövründə isə 1 milyard 825 milyon 982 min dollarlıq xam neft ixrac edib.
 
Azərbaycanın xam neft satışından gəlirləri 2013-cü ilin ilk iki ayı ilə müqayisədə 3,8 dəfə azalıb.
 
940 milyon 495,11 ABŞ dolları gömrük bəyannamələri əsasında ixrac edilmiş 3 milyon 735 min 594 ton xam neftin dəyəridir. Sayğac göstəricilərinə görə, bu ilin ilk 2 ayında 5 milyon 275 min 622 ton xam neft ixrac edilib.
 
İqtisadçı Samir Əliyev "Azadlıq"a bildirib ki, ticarət dövriyyəsi ilə bağlı açıqlanan rəqəmlər o qədər də ürəkaçan deyil. Azərbaycanın həm ixracında, həm də idxalında azalmanın olduğunu deyən S.Əliyev vurğuladı ki, ixracda azalma təkcə neft məhsulları ilə bağlı deyil. Çünki gəlir ifadəsində neft məhsullarının payı düşüb. Ona görə neft məhsullarının ixracının azalması təbii idi: “Narahatlıq doğuran məqam həm də qeyri-neft ixracının azalmasıdır. Bu onu göstərir manatın devalvasiyası ixraca heç bir fayda verməyib. Halbuki milli valyutanın devalvasiyası bir qayda olaraq ixraca stimul verməlidir. Biz nəinki ixracın sabit qaldığını və cüzi artımını müşahidə etmişik, əksinə, azalma baş verib. Idxalın da azalması baş verib. Bu da təbiidir. Çünki milli valyutanın devalvasiyası idxala həmişə təsir edir. Idxal malları bahalaşır. Əhalinin alıcılıq qabiliyyətinin də aşağı düşməsi idxala mənfi təsir edir”.
 
S.Əliyev onu da bildirdi ki, devalvasiyadan sonra inzibati yol ilə qiymət artımının qarşısı alındı. Bu da ona gətirib çıxardı ki, bəzi sahibkarlar idxalı məhdudlaşdırıblar. “Bu da bazarda məhsul çeşidinin azalmasına gətirib çıxarır. Yaxın dövrdə biz bazarda mal qıtlığı, mal çeşidlərinin azalmasını görəcəyik”, deyə S.Əliyev vurğuladı.

Google+ WhatsApp ok.ru