2005-in 17 oktyabrı təkrarlanır?

Qurban Məmmədov: «Dövlət başçısının ölkədə islahat aparmaq niyyəti varsa, daha ciddi addımlar atmalıdır»

Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılmasında daha bir maraqlı məqam diqqət çəkir. I.Əliyevin bu addımı parlament seçkiləri ərəfəsində atıldı. Hökumət bu qərarı atmaq üçün 2 həftə belə gözləmədi.
 
Hazırkı situasiya və hakimiyyət daxilində yaşananlar 10 il əvvəli xatırladır. 2005-ci ildə də məhz parlament seçkiləri ərəfəsində nazirlərin həbsi həyata keçirilmişdi. O zaman iqtisadi inkişaf naziri olan Fərhad Əliyev və səhiyyə naziri Əli Insanov həbs olunduqdan dərhal sonra geniş kampaniya başladı. Nazirlərin xarici kəşfiyyatla əlaqəli olduğu və ölkədə narıncı iqilab etmək istədikləri iddiası irəli sürüldü.
 
Həmin dövrdə Azərbaycan hakimiyyətinə belə bir əməliyyatı keçirmək əmrinin məhz Rusiyadan gəldiyi deyilirdi. Səslənən fərziyələrdə vurğulanırdı ki, hakimiyyət atdığı bu addım ilə iqtidar daxilində mərkəzdənqaçmanı dayandırmağa çalışıb.
 
Maraqlıdır ki, hazırda da E.Mahmudovun vəzifəsindən kənarlaşdırılması I.Əliyevin MDB dövlət başçılarının görüşündən qayıtması ərəfəsinə təsadüf edir. Həmin sammitdə Putinlə görüşən I.Əliyevə “maraqlı faktların” verilməsi istisna edilmir.
 
Bəs hazırda baş verənlərlə 2005-ci ildə baş verənlər arasında əlaqə varmı? E.Mahmudovun vəzifəsindən seçki öncəsi uzaqlaşdırılması iqtidarın güc nümayişi ola bilərmi?
 
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Qurban Məmmədov "Azadlıq"a bildirib ki, 2005-ci ildə baş verənlər hakimiyyət daxilində gedən müəyyən proseslərin nəticəsi idi. Q.Məmmədovun sözlərinə görə, hazırda baş verənlər barədə hələlik qəti fikir söyləmək mümkün deyil. Bunun üçün suların müəyyən qədər durulmasını və rəsmi açıqlamaların edilməsini gözləmək lazımdır. “Hazırda əlimizdə olan faktlarla qəti fikir söyləmək mümkün deyil”, deyə Q.Məmmədov vurğuladı.
 
E.Mahmudovla bağlı sərəncamın I.Əliyevin MDB sammitindən dərhal sonra verilməsinə gəlincə isə Q.Məmmədov bildirdi ki, bu, diqqət çəkən məqamdır: “Amma məlumatı dövlət başçısına buradan da ötürə bilərdilər. Digər tərəfdən, vəzifədən çıxarılmalı nazir təkcə Eldar Mahmudov deyil. Azərbaycanın bütün nazirləri istisnasız olaraq vəzifədən uzaqlaşdırılmalıdır. Dövlətin sərvətlərini talayan adamlar vəzifədən kənarlaşdırılmalıdır. Bundan sonra da ciddi addımlar atılmalıdır. Bir-iki nəfəri vəzifədən uzaqlaşdırmaqla dövlət başçısı heç nəyə nail ola bilməyəcək. Prezidentin ölkədə islahat aparmaq niyyəti varsa, daha ciddi addımlar atmalıdır”.

Google+ WhatsApp ok.ru