Əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb

Oqtay Haqverdiyev: «Gündəlik istifadə olunan mallara tələb azalanda qiymətlər aşağı düşür»

Ötən ilin son ayındakı bahalaşmadan sonra Bakıda yanvar ayında ərzaq 2% ucuzlaşıb. "Turan"ın xəbərinə görə, daha çox mal əti (-12,5%), qoyun əti (-10%), qarabaşaq (-23,8%), quş içalatı (-13%), quş əti (-3,7%) ucuzlaşıb. Marqarin (+10%), ağ pendir (+9%), pomidor (+20%) bahalaşıb. Agentlik ət və quş ətinin qış vaxtı ucuzlaşmasını əhalinin alıcılıq qabiliyyətinin düşdüyünün göstəricisi hesab edir.
 
Bu arada rəsmi şəkildə ölkədə işsizliyin səviyyəsinin 4,9 faizə enməsi barədə məlumat səsləndirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov son 10 ildə respublikada ümumi daxili məhsulun 3,4 dəfə, əhalinin gəlirlərinin 6,5 dəfə artdığını bildirib. Nazir  ötən il  bu artımların müvafiq olaraq 2,7 və 4,8 faiz təşkil edərək ümumi daxili məhsulun adambaşına düşən həcminin son on ildə 8,4 dəfə artaraq 6300 manat olduğunu bildirib.ÿƏhalinin gəlirlərinin təkcə ötən il 1,4 faizlik inflyasiya səviyyəsindən üç dəfədən də yüksək olduğunu qeyd edən S.Müslümov ölkədə yoxsulluq səviyyəsinin 5 faizə endiyini deyib. Nazir Iqtisadi Əməkdaşlıq və Inkişaf Təşkilatının məlumatına əsasən 2014-cü ilin sonlarında işsizlik səviyyəsini açıqlayıb: “Hətta inkişaf etmiş ölkələrdə artmaqda olan işsizlik səviyyəsi Azərbaycanda son on ildə sürətlə azalaraq 4,9 faizə enib”.
 
Yuxarıda qeyd edilən məsələləri "Azadlıq"a şərh dən iqtisadçı-ekspert Oqtay Haqverdiyev söyləyir ki, rəsmi şəkildə təqdim edilən  rəqəmlərin nə qədər düz olub-olmadığı sual altındadır. Ekspert  Nazirlər Kabinetinin hər il təsdiq etdiyi yaşayış minimumunu xatırladaraq bu il onun adambaşına 125 manat olduğunu söyləyir. Bu həddin içində isə təkcə ərzaq, xidmət, kommunal, nəqliyyat və digər xərclərə diqqət edəndə  inflyasiyanın keçənilki 1,4 faiz həddinə nisbətdə ehtiyac zənbilinə nəzərən onun 12-13 faiz olduğu üzə çıxır:
 
“Əhalinin gündəlik ehtiyacı olan məhsullar yaşayış minimumuna salınıb. Bunu da rəsmi olaraq təsdiq ediblər. Elə məhsullar var ki, insanların yarıdan çoxu ondan istifadə etmir. 575 adda məhsulun adını təqdim etmək hələ ondan istifadə etmək deyil. Ona görə də buna nəzərən inflyasiyanı deyəndə statistik rəqəmlərlə reallıq arasında kəskin fərq üzə çıxır. Bazar tələb-təklif əsasında formalaşır. Gündəlik istifadə olunan məhsullara tələb azalanda avtomatik olaraq qiymətlər aşağı düşür. Məsələnin mahiyyəti budur”. 
 
O.Haqverdiyev ölkədə işsizliyin 4,9 faiz olması faktına toxunaraq təxminən 300 min adamın işsiz kimi uçota alındığını, lakin onların gizli məşğulluq adıyla işlədiyini söyləyir. Onlar bu işlə yeni dəyər yaratdıqlarını bilmirlər. Həmin şəxslərin işləsə də vergi vermədiyini deyən ekspert, onların əməkhaqqının xərclənməsi nəticəsində alınan məhsulların də ümumi daxili məhsula düşdüyünü deyir. Bu baxımdan ekspert ölkədə işsizliyin səviyyəsinin 4,9 faiz həddinin özünün sual altında olduğunu vurğulayır.

Google+ WhatsApp ok.ru