Əmək haqları və təqaüdlər artırıla bilərmi?

Vüqar Bayramov: “Dolların manata nisbətən yüksəlməsi əmək haqları məsələsini olduqca aktuallaşdırıb”

Azərbaycandakı növbəti devalvasiya daha çox az əməkhaqqı  və təqaüd alan insanlara təsir edib. Onsuz da ağız vəziyyətdə yaşayan xalqın aldığı maaş, təqaüd indiki qiymətləri ödəyə bilmir. Belə olan təqdirdə isə ortaya əmək haqlarının, təqaüdlərin artıb-artmayacağı ilə bağlı sual çıxır. 
 
İqtisadçı ekspert Vüqar Bayramov əmək haqlarının və təqaüdlərin artırılmasına ehtiyac olduğunu dedi: “Dolların manata nisbətən yüksəlməsi əmək haqları məsələsini olduqca aktuallaşdırıb. Əmək haqlarının manatın aşağı düşməsindən sonra formalaşan real inflyasiya səviyyəsinə uyğunlaşdırılması vacibdir. Çünki ölkəyə idxal edilən ərzaq məhsullarının qiymətlərində həddindən artıq artım var. Bazarda neçə faiz inflyasiya müşahidə ediləcəksə, həmin inflyasiyanın büdcədən maliyyələşən hissələrindən əmək haqqı, pensiya və tələbə təqaüdlərinə transfer edilməsi vacibdir. Kommunal xidmətlərin, əmək haqlarının, nəqliyyat xərclərinin ödənilməsi manatla həyata keçirilir və onlarda artım yoxdur. Amma xərcin dollar predmetində artımlar var. Bütün bunlar hesablanmaqla, real inflyasiya səviyyəsini müəyyənləşdirmək mümkündür”. 
 
Ekspert bildirdi ki, real inflyasiya səviyyəsini hesablamaqla əmək haqlarının və təqaüdlərin artımını həyata keçirmək lazımdır: “Bizim proqnoz ondan ibarətdir ki, manatın dəyərsizləşməsi idxal olunan məhsullarda 30 faizə yaxın qiymət artımına səbəb olacaq. Əvvəllər məhsuldarlıq yüksək, 50 faizə yaxın olacaq. Çünki onların xərci tamamən dollarla olan xərclərdir. Gətirib bir başa bazara çıxarırlar. Bəzi məhsullar isə nisbətən azalacaq. Amma bütövlükdə idxal olunan məhsulların inflyasiyası gözlənilir. Süni qiymət artımları da olacaq. Ona görə də bütün bu inflyasiya göstəricilərini nəzərə alaraq orta inflyasiya göstəricisinin müəyyənləşdirilməsi və təbii ki, əmək haqqı və təqaüdlərin bu rəqəmə indeksasiya edilməsinə ehtiyac var ki, manatın dəyərsizləşməsi məhz həmin kateqoriyadan olan insanların sosial vəziyyətinə mənfi təsir göstərməsin”. 
 
Maraqlıdır, maaş, təqaüdlərin artırılması məsələsi Milli Məclisdə də müzakirəyə çıxarılacaqmı?
 
Deputat Zahid Oruc manatın devalvasiyasından daha çox əhalinin iki seqmentinin ziyan çəkdiyini dedi: “Hazırkı vəziyyətdə manatın devalvasiyasından daha çox əhalinin iki seqmenti ziyan çəkir. Onun birincisi dollarla kredit götürənlərdir, ikincisi isə ölkədə yaşayış minimumu 136 manat müəyyənləşdirilən əmək qabiliyyətli əhali üçün bu 146 manatdır, pensiyaçılar üçün 115 manatdır, uşaqlar üçün 117 manat. Bütün bu rəqəmlər 2016-cı ilin büdcəsi üçün müəyyənləşib. Belə demək mümkünsə, baza hesablama nöqtəsi həmin rəqəmlərə istinad olunur. Lakin reallıq dəyişib və insanların aldığı maaşlar, təqaüdlər hazırkı devalvasiyanın şərtlərinə uyğunlaşmır. Ona görə də düşünürəm ki, hökumət bu məsələ ilə bağlı sürətli, ciddi kompleks tədbirlərini həyata keçirməlidir. Burada qətiyyən inflyasiyadan narahat olaraq atılacaq addımlar pul kütləsini dövriyyədə çoxaldacaq, bu isə avtomatik vətəndaşa gediş çıxmamış o artımları yeyəcəkmiş kimi bir fəlsəfə ilə hərəkət etmək olmaz. Hökumət bu yöndə ilk addımlarını prezidentin dünən verdiyi fərmanlarla atmaqdadır”. 
 
Deputat 2016-cı il olduğunu büdcəsinə yenidən baxılmalı və bu məsələnin parlamentdə müzakirəyə çıxarılmasının vacibliyini vurğuladı: “Hesab edirəm ki, 2016-cı ildə büdcəyə yenidən baxılmalı olacaq. Bunun üçün mənbələr var, ehtiyatlar mövcuddur. Hesablamalar göstərir ki, o rəqəmlər həddindən artıq böyük deyil. Hazırkı dövrdə devalvasiyanın gətirdiyi inflyasiyanı, qiymət artımlarını və manatın müəyyən bir nisbətdə dəyərinin dəyişməsini qarşılamaq lazımdır. Dollar bizim milli valyutamız deyil. Onu əhalinin kiçik bir hissəsi bu dövrə qədər ala bilərdi. Hesablamalar göstərir ki, faiz etibarı ilə 15-dən yuxarı ola bilməz. Bu da şərti rəqəmdir. Yerdə qalan hissə isə manat resursuna dayanaraq fəaliyyətini qurur. Ümidvaram ki, bu məsələ parlamentin 29 dekabr iclasında gündəmə gətiriləcək”.  (Yeni Müsavat)

Google+ WhatsApp ok.ru