Şahvələd Çobanoğlu: “Hakimiyyət üçün bəzi fəalların ölkədən getməsi xoş bir haldır”

Son günlər ölkənin bir neçə ictimai fəali ölkəni tərk ediblər. Bunlardan bəziləri ölkəni müvəqqəti olaraq tərk etsələr də, bəziləri konkret olaraq yaşamaq üçün xarici ölkələrə üz tutublar. Bu tendensiya ölkədə birmənalı qarşılanmır. Ölkəni tərk edənlərlə bağlı fərqli fikirlər səsləndirilir. Belə ki, bu addımları atan ictimai fəallara haqq qazandıranlar da az deyil. Amma təbii ki, ölkəni tərk edənləri ciddi tənqid edənlər də az deyil. Təhlilçilər bu kimi tendesniyaları ölkədəki son durumla bağlayırlar.  
 
İctimai fəalları ölkəni tərk etməməyə çağıran jurnalist Şahvələd Çobanoğlu Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, hakimiyyətin apardığı siyasət bu vəziyyəti yaradıb: “Baş verənlər hamısı Azərbaycan hakimiyyətinin son vaxtlar apardığı kəskin repressiya siyasətinin nəticəsidir. Ayrı-ayrı adamların getməsini kimlərsə qınaya bilər. Onların bu addımını başa düşmək də mümkündür. Lakin əsl səbəb hakimiyyətin yürütdüyü amansız siyasətdir. Həbslər, vətəndaş cəmiyyətinin fəaliyyəti üçün bütün imkanların qapadılması, QHT-lərin müstəqil mövcudluğunun yox edilməsi, siyasi fəaliyyət üçün şəraitin tükənməsi təbii ki, bu cür addımların atılmasına gətirib çıxarır. Normal yaşamaq, çalışmaq üçün hüquqi və mənəvi mühit də yoxdur. Amma Azərbaycan hakimiyyəti üçün bəzi fəalların ölkədən getməsi xoş bir haldır. Əslində hökumətin arzu etdiyi də budur. Avtoritar ölkələr bu cür tendensiyanın artmasını daima arzulayıblar. Hökumətin istəyi bu idi ki, ictimai fəallar, fərqli düşünənlər, savadlı və vicdanlı insanlar ölkəni tərk etsinlər. Ümid edirəm ki, bu müvəqqəti bir haldır və biz avtoritarizmin müqavimətini qıra bilərik. Dünyada da müəyyən dəyişikliklər baş verir. Ölkə daxilində də dəyişiklər mümkündür və olacaq. Arzu edirik ki, heç kəs ölkəni tərk etməsin. Biz gec-tez bu ölkəni dəyişəcəyik. Ən azı biz indiki vəziyyəti hələlik saxlamalı, bundan da pis durumun yaranmasına imkan verməli deyilik”.

Google+ WhatsApp ok.ru