Yenə hərbi sirr qalmaqalı, bu dəfə günahkar kimdir?

Üzeyir Cəfərov: «Biləsuvarda Ağasəlim kişinin evinin yanına 3-4 nəfər polis qoyublar ki, onu ermənidən qorusun…»

Son günlər informasiya təhlükəsizliyi məsələləri önə çıxan mövzulardandır. Xüsusilə, hərbi və müdafiə sahəsindəki məlumatların yayılması zamanı hərbi və dövlət sirlərini təşkil edən informasiyalara diqqət edilməməsi mübahisə mövzusuna çevrilib. Dövlət rəsmiləri və əlaqədar qurumlar belə xəbərlərin onlarla dəqiqləşdirilmədən yayıldığına görə medianı, media isə aidiyyatı qurumların mətbuat xidmətlərini yaxşı işləməməkdə günahlandırır.
 
Avqustun 29-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev media nümayəndələri ilə müşavirə keçirdi. O, bir sıra məsələlərlə bağlı tənqid və təkliflərini bildirdi. Xüsusən də cəbhə xəttində atəşkəsin pozulması zamanı KİV-lərdə dərc olunmuş məlumatlardan danışdı. İnformasiya agentliklərini hərbi sirləri yaymaqda ittiham etdi. Belə xəbərlərin yayılmasını dövlətçiliyə xəyanət, bütün hüquqi normalara zidd adlandırdı".
 
Müşavirədən həmən sonra ölkə başçısı Silahlı Qüvvələr ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında sərəncam imzaladı. Sərəncama görə jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətləri Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydası Prezidentlə razılaşdırılmalıdır. "Prezident Administrasiyası cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinləri arasında qoşunların dislokasiyası, hərbi-siyasi və əməliyyat şəraiti, hərbi sahədə ölkənin milli təhlükəsizliyinə xələl gətirə bilən digər məlumatların yayılmasının yolverilməzliyi barədə izahat işini təşkil etməlidir.
 
Müdafiə Nazirliyinə isə cəbhəboyu zonadakı vəziyyət barədə məlumatların əhaliyə çatdırılması ilə bağlı nazirliyin mətbuat xidmətinin fəaliyyətinin çevikliyini artırmaq üçün tədbirlər görmək; kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə cəbhəboyu zonadakı vəziyyətlə bağlı verilən məlumatların mütəmadi monitorinqini təmin etmək, dövlət sirri təşkil edən məlumatları yayan şəxsləri müəyyən edib onların qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunmasını təşkil etmək tapşırılıb.
 
Mətbuat Şurasına tövsiyə olunur ki, hərbi sahədə Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədi ilə kütləvi informasiya vasitələri və əhali arasında təbliğat-izahat işini təşkil etsin.
Bütün bunlardan sonra KİV-lər hərbiyə aid olan məlumatları yaydıqları zaman daha diqqətli olmağa çalışırdılar. İnternetdə axtarış edən zaman da görünür ki, əksər yazılarda qarşı tərəfin şərhi var. Təbii bir neçə gün öncə Ağdamda vurulan helikopter olayına qədər. Helikoptelin görüntüləri mediada yayıldı. Baxmayaraq ki, hadisə yerində jurnalist olmamışdı. Bəs həmin görüntüləri kim çəkib yaymışdı? Bu normaldırmı? 
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı açıqlamasında bildirdi ki, vurulan helikopterin görüntülərinin kimin tərəfindən çəkilməsinin araşdırılması haqqında rəsmi məlumat yoxdur: "Rəsmi məlumat olduğu halda mətbuata açıqlama veriləcək". 
 
Müdafiə Nazirliyi həmçinin helikopteri vuran müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandirinin və ailəsinin video və fotolarının sosial şəbəkələrdə və mətbuatda yayılmasına münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən verilən açıqlamada əsgərin video və fotolarının yayılmasının düzgün olmadığı qeyd olunub".
 
Buna baxmayaraq nazirliyin özü əsgərin adı, soyadı və atasının adını açıqlamaqla yanaşı onun müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edildiyi və qiymətli hədiyyə ilə mükafatlandırıldığını bildirib. 
 
Bundan əlavə, bəzi telekanallar əsgərin ailəsindən reportaj hazırlayıb. Millət vəkili Aydın Mirzəzadə də "youtube" portalında helikopterin vurulma görüntülərini yaymışdı. 
 
Hərbçi-ekspert Üzeyir Cəfərov "Bizim Yol"a şərhində bildirdi ki, birinci Qarabağ müharibəsində ermənilərə minlərlə zərbə vuran hərbçilərimiz olub: "Həmin şəxslər ermənilərə helikopteri vuran əsgərdən də çox zərbə vurublar, bir neçə tank dağıdıblar. Onların aralarında milli qəhrəman, Azərbaycan bayrağı ordeni alanlar, həyatda olanlar, ölkə daxilində və ölkə xaricində yaşayanlar var. İndi bir misal çəkəcəm və mənə görə həmin misalla bu məsələ birdəfəlik bağlanacaq. Mübariz İbrahimov və Fərid Əhmədov. İki qəhrəmanımız düşmən içərisində şücaət göstərdilər və dövlət onları mükafatlandırdı. İndi anlaya bilmirəm. Biləsuvar rayonunda Ağasəlim kişinin evinin yanına 3-4 nəfər polis qoyublar ki, onu ermənidən qorusun. Bu, bilirsiniz, özümüzə dövlət olaraq, vətəndaş olaraq hörmətsizlikdir".
 
Ü.Cəfərov deyir ki, bəziləri özlərini həddindən artıq vətənpərvər kimi göstərmək istəyirlər. Müdafiə Nazirliyi ilə o məsələdə razıyam ki, bütün məlumatlar onların xətti ilə getməlidir: "Müdafiə Nazirliyi sadəcə həmin günlər videonun olmasından xəbərsiz olub. Bəli, mən də onun tərəfdarıyam ki, cəbhə bölgəsində smartfonlar, videoaparatlar istifadə olunmasın. Bunlar təhlükəsizlik məsələləri ilə bağlıdır. Ancaq indiki halda o video Azərbaycan üçün Allah tərəfindən göndərilmiş bir fürsət idi. Biz bütün dünyaya vizual görüntü ilə sübut etdik ki, erməni gəlib bizim səngərimizin üstündə at oynatmaq istəyirdi. Ona görə də bizim əsgərimiz nizamnamə, qanun çərçivəsində hərəkət edib. Əsgərin ailəsinə kim nə edə bilər? Başa düşə bilmirəm erməni İrəvandan durub Bakıya və ya Neftçalaya gəlib nə isə edəndir? Mən sizə tam səmimi deyə bilərəm ki, bu məsələni ortaya atanlar Azərbaycan dövlətçiliyini gözdən salmağa yönəlmiş addımlar atırlar. Belə ucuzluğa getmək lazım deyil. Yersiz ajiotaj yaratmağa, buna ehtiyac yoxdur".
 
Ü.Cəfərli deyir ki, Qarabağda döyüşmüş minlərlə insanlar var ki, bu gün Rusiyanın, Gürcüstanın müxtəlif bölgələrində yaşayırlar: "Ermənilər məgər onları izləyirlər? Həmin əsgər xüsusi xidmət orqanlarının əməkdaşı deyil ki, əməliyyata gedən zaman kimsə onu tanısın. Azərbaycan əsgərlərindən biridir. Müddətdən artıq qulluq edən hərbi qulluqçudur. Kiçik çavuşdur. Vəzifə borcunu yerinə yetirib və dövlət də onu lazımınca qiymətləndirib. Bütün məsələlər də bununla yekunlaşır".
 
Media eksperti Arif Əliyev isə deyir ki, hərbi sirrin müəyyən sərhədləri olmasa da, kifayət qədər çərçivələri var. Qanunvericilikdə, əlavə normativ sənədlərdə bunlar öz əksini tapır: "Döyüşlər, ölənlər, yaralılar, sağ qalanlar və s. haqda informasiya verilir. Bunların heç birinin jurnalistlər üçün hərbi sirr əhəmiyyəti yoxdur. Bizim üçün hərbi sirr yalnız strateji xüsusi əhəmiyyətə malik informasiyalardır". 

Google+ WhatsApp ok.ru