Akif Nağı seçkilərdə üzləşdiyi problemlərlə bağlı dövlət qurumlarına müraciət etdi

Parlament seçkilərində namizəd olmuş Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı namizəd olduğu 9 saylı Binəqədi seçki dairəsindəki “dəhşətli saxtakarlıq faktları” ilə bağlı, “seçkilərin nəticələrinin ləğv olunması, həmçinin saxtakarlara qarşı cinayət işinin açılması” xahişi ilə prezidentə, Mərkəzi Seçki Komissiyasına, Ali Məhkəməyə, Baş prokurora müraciət edib. 
 
QAT-dan Maide.az-a verdilən məlumata görə, müraciətdə deyilir: “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 9 saylı Binəqədi seçki dairəsindəki dəhşətli qanun pozuntuları ilə bağlı Sizə müraciət etməyi özümə borc bilirəm. Bu, Azərbaycan dövləti, milləti, Sizin hakimiyyətiniz üçün taleyüklü məsələdir. Ona görə də bunu özbaşına buraxmaq, bu faktların üzərindən keçmək olmaz. Namizəd olduğum dairə üzrə törədilmiş cinayətlərin ən dəhşətlilərini diqqətinizə çatdırıram.
 
1. Hər seçki məntəqəsinə öz iradəsi ilə cəmi 80-100 nəfər gəlib. İcra hakimiyyətinin yaratdığı “yüzbaşı” sistemi ilə birlikdə isə hər məntəqəyə təxminən 150-200 nəfər seçici gəlib. Mənim hər məntəqədə oturan müşahidəçilərimin apardığı dəqiq uçot bunu aydın şəkildə göstərir. Ağşam seçki bülletenləri “sayılarkən” isə məlum olub ki, hər məntəqədə orta hesabla qutulara əlavə 350-400 bülleten atılıb.
 
2. Seçki zamanı “karusel” deyilən mexanizmdən geniş şəkildə istifadə olunub. Dairənin ərazisində yaşamayan, qeydiyyatı olmayan şəxslər, xüsusilə də Tibb Universitetinin tələbələri, səhiyyyə işçiləri, müəllimlər geniş şəkildə “karusel” əməliyyatında iştirak ediblər, eyni adamlar dəstələrlə gəzərək bütün məntəqələrdə səs veriblər.
 
3. Seçkilər başa çatdıqdan sonra seçki bülletenlərinin sayılması tam formal şəkildə aparılıb. Faktiki olaraq, səslər sayılmayıb, komissiya üzvləri, sədrləri səsləri saymadan hansı namizədə nə qədər səs istəyirlərsə veriblər. Müşahidəçilər səslərin sayılması prosesindən tam təcrid ediliblər. Seçki komissiyalarının sədrləri, üzvləri açıq şəkildə bildiriblər ki, kimi istəyirlər, onu da qalib çıxaracaqlar. Məntəqə seçki komissiyalarının sədrləri, üzvləri səslərin saxtalaşdırılmasında, saxta bülletenlərin qutulara atılmasında, qeydiyyatı olmayan şəxslərin “ səs verməsinə” şərait yaradılmasında fəal iştirak ediblər”.
 
A.Nağı daha sonra bəyan edib: “Tam məsuliyyətlə Sizə bildirirəm ki, 9 saylı Binəqədi seçki dairəsində heç bir seçki olmadı, bunun eybəcərlik və rüsvayçılıqdan başqa bir adı yoxdur. Bu, Azərbaycan dövlətçiliyinə, Sizin imicinizə ağır zərbədir. Bu cinayəti törədənlər, dairə seçki komissiyasının sədri və üzvləri, məntəqə seçki komissiyalarının sədrləri və üzvləri, həmçinin qanunsuz yolla deputat seçilmək istəyən namizəd cinayət məsuliyyətinə cəlb olunmalı, cəzalandırılmalıdırlar. Mənim təyin etdiyim 65 müşahidəçi istənilən məhkəmədə, istintaq orqanında bu cinayət faktları ilə bağlı şahid qismində çıxış etməyə hazırdır. Bu dairədə seçkilərin nəticələri ləğv olunmalı, təkrar seçkilər keçirilməlidir”.
QAT sədri müraciətə diqqətli yanaşmağı xahiş edib: “Biz nə ediriksə, millət və dövlət naminə edirik. Biz inanırıq ki, cinayətkarların cəzalandırılması, haqq- ədalətin bərpa olunması üçün hər şeyi edəcəksiniz”.

Google+ WhatsApp ok.ru