Azərbaycan böhran büdcəsinə keçəcəkmi?

Məhəmməd Talıblı: «Gəlir mənbələri düz proqnozlaşdırılmayanda xərclərdə qeyri-müəyyənliklər yaranır»

Dünya bazarlarında neftin qiymətinin günü-gündən ucuzlaşması və regionda baş verən proseslər Azərbaycandan da yan keçmir. Ölkəyə gələn neft pullarının azalması, şübhəsiz ki, iqtisadi fəallığın azalması ilə müşahidə oluna bilər. Beynəlxalq təşkilatların neftin qiyməti ilə bağlı ümidsiz proqnozları isə hələlik vəziyyətin ürəkaçan olmadığını göstərir. Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov mətbuata son açıqlamasında neft qiymətlərinin büdcəyə təsir edəcəyini bildirib. Dövlət büdcəsində neftin qiymətinin 50-55 dollar civarında hesablanacağı siqnalı artıq hökumətin qabaqlayıcı tədbirlərə başladığını göstərir.
 
Məhz bu üzdən ekspertlər hesab edir ki, bu ilin may ayında büdcənin təkrar müzakirəsi zamanı yaranan iqtisadi çətinliklərdən irəli gələn reallıqlar nəzərə alınmalıdır. Mütəxəssislər düşünür ki, mayda iki istiqamətdə addım atıla bilər. Birinci addım büdcədə neftin qiymətinin 90 deyil, bazardakı real proqnozlara uyğun müəyyənləşməsidir. Əgər neftin qiyməti büdcədə 50-55 dollar civarında göstərilərsə, büdcə xərcləri də ona uyğun olaraq tənzimlənməlidir. 
 
Neftin bazar qiyməti üçün proqnozlaşdırılan göstərici azaldıldıqdan sonra real neft rəqəmlələrinə uyğun olaraq büdcə formalaşmalıdır. 
 
Ikinci yol isə ondan ibarətdir ki, Maliyyə Nazirliyi büdcədə problem yarandığı təqdirdə müdaxilə edərək xərclərin azaldılmasına nail olsun. Amma bir məqamı xüsusilə nəzərə almaq lazımdır. Neftin qiymətinin hansı səviyyədə olmasına baxmayaraq pensiya və digər xərclər azaldılmamalıdır. Maliyyə Nazirliyi yalnız lazımsız xərclərin azaldılmasını, iri və səmərə verməyəcək layihələrin icrasının dayandırılmasını həyata keçirməlidir. 
 
Iqtisadçı Məhəmməd Talıblı "Azadlıq"a bildirib ki, bizim dövlət büdcəsinin gəlirlərinin səviyyəsi xərc istiqamətlərini müəyyənləşdirir. Bu, fiskal siyasətin əlifbası hesab olunur: “Gəlir mənbələri düz proqnozlaşdırılmayanda xərclərdə qeyri-müəyyənliklər yaranır. Nisbi xəta ilə yox, böyük fərqlə hiss olunan proqnoz xətaları bu ildə də özünü göstərdi. Çünki, bunun bir neçə səbəbi var”.
 
M.Talıblının sözlərinə görə, birincisi, neftin proqnoz qiymətini yuxarı göstərməklə əvvəlki illərdə müəyyən olunmuş xərcləri kəsmək imkanlarını minimumlaşdırır və ondan sığortalanır. Əks halda digər mənbələrdən daxilolmalar artmalıdır. Ikincisi, daxilolmaların azalması fonunda Neft Fondundan transferti hökumət indikindən 2-3 milyard manat daha çox götürməli olacaq. Ona isə getmək istəmir.
 
M.Talıblının sözlərinə görə, üçüncüsü, büdcədə neftin proqnoz qiyməti aşağı göstəriləndə xərclərin azalması fonunda gərək investisiya layihələri kəsilsin. Bu layihələr isə 2 faktor baxımından hökumət üçün maraq dairəsindədir: “Birinci faktor, smetası şişirdilmiş və daha çox mənimsəmə fürsəti verən, bununla loyallaşan vəzifəli şəxslərin hakimiyyətə loyallığını təmin edir. Korrupsiya layihələri məmur korpusunda bağlantıların qurulma konfiqurasiyasıdır. Biri pul ayırır, bir tenderdə layihəni udub həyata keçirir, biri tikinti materiallarının ya istehsalını təşkil edir və ya onu idxal edir və s. Həmin investisiya layihələri məmur korpusunda ortaq maraqları birləşdirir. Ikincisi, investisiya layihələrinin yaratdığı gözqamaşdırıcı inzibati dekorativ forma və parıldama effekti cəmiyyətin ”gözündə" guya hökumətə sərt reaksiyanı neytrallaşdırır. Bütün bunlara görə həmin investisiya layihələrini nəyin hesabına olursa-olsun davam etdirməsi hökumətin marağındadır".
 
M.Talıblı daha bir səbəbə də toxundu. Onun sözlərinə görə, əgər proqnoz qiymətlərində konservativ yanaşma olsa, o zaman sosial xərclərdə artımların olmaması bir yana, bəzi sosial layihələrin təxirə düşmək riskləri də yaranır: “Bunu isə bizim ”Büdcə sistemi haqqında" qanunun müvafiq bəndi qadağan edir. Qısaca desək, hökumət bu zaman ya optimist neft qiyməti proqnozu ilə əvvəldən nəzərdə tutulmuş xərcləri maliyyələşdirməlidir, yaxud real proqznoz həddi müəyyənləşdirməklə büdcə kəsiri riski yaradılması və onun necə aradan qaldırılması yolları haqqında düşünməlidir".

Google+ WhatsApp ok.ru