Bəzi `reket` saytlar bir neçə adlarla fəaliyyət göstərir - Müşviq Ələsgərli

"Bəzi KİV-lərdə qarşı tərəfin mövqeyi nəzərə alınmır. Görünür qərəzli məlumatların yayılmasına maraq var".
 
Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli deyib.
 
O bildirib ki, son vaxtlar yayılan informasiyaların media aləminə heç bir aidiyyatı yoxdur: "Bəzi "reket" saytlar müxtəlif şantaj xarakterli məlumatları tirajlamaqla məşğuldurlar. Hadisələrə etik media konteksindən qiymət veriləndə məlum olur ki, burada heç bir etik prinsiplərə əməl olunmayıb. Bir sıra saytlar fəxrlə yazır ki, biz filan nazirin filan vaxtı azad olunacağı barədə məlumatı yaymışıq. Açıb həmin məlumata baxırsan görürsən ki, bu cür məlumatları bütün nazirlər haqqında yazırlar".
 
"Bu cür əməllər yığışdırılmalıdır. Əgər qanunun sərt üzü göstərilsə, o zaman çox saylı media nümayəndəsi məsuliyyətə cəlb oluna bilər. Son vaxtlar dəb düşüb ki, bəzi "reket" saytlar bir neçə adlarla fəaliyyət göstərir. Hər hansı məlumatı pul qarşılığında saytdan çıxardıqdan sonra, dərhal digər saytlara da qoyulur və oradan da çıxarılması üçün pul tələb olunur", - deyə M. Ələsgərli bildirib.(salamnews)

Google+ WhatsApp ok.ru