Biləsuvardakı etirazlarda 10-a yaxın şəxs saxlanıb

Biləsuvardakı etirazlarda 10-a yaxın şəxs saxlanıb

"Biləsuvarda məskunlaşan Cəbrayıl rayonundan olan köçkünlərin elektrik enerjisinin verilməməsinə görə dekabrın 22-də keçirdikləri etiraz aksiyasında təqribən 10-a qədər şəxs saxlanılıb".
 
Bunu Azadlıq Radiosuna həmin şəxslərdən bəzilərinin vəkili olan Elçin Sadıqov bildirib.
 
E.Sadıqov deyir ki, o, hazırda Kürdəxanı təcridxanasında olan Cəlal Quliyev və Zaur Feyruzlunun vəkilidir: "İndiyə kimi görüşə bilməmişik, yaxın günlərdə görüşməyə çalışacağam. Amma hər iki şəxsin saxlanması ilə bağlı dekabrın 27-də şikayət vermişəm və Şirvan Apellyasiya Məhkəməsində baxılması gözlənilir. Amma, hələ ki, vaxt müəyyən olunmayıb".
 
E.Sadıqov bildirir ki, vəkili olduğu hər iki şəxsə Cinayət Məcəlləsinin 186.2.2 (özgə əmlakı məhvetmə, partlatma və yandırma ), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi ) maddələri ilə ittiham irəli sürülüb.
 
 
Xatırlatma
Bu il dekabrın 22-də Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyaları keçiriblər. Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsindən narazılıqlarını dilə gətiriblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib.
 
Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında aksiya zamanı 3 nəfərin saxlandığı bildirilirdi.
 
Məlumatda qeyd edilirdi ki, Gülağa Əliməmmədov, Cəlal Quliyev və İlkin İsgəndərov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Onlar CM-in 186.2.2 (özgə əmlakı məhvetmə, partlatma və yandırma ), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittiham edilirlər.
 
Rəsmi məlumatda o da qeyd edilirdi ki, 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 1 xidməti avtomobilin şüşələri sınıb.
 
Ancaq sakinlər AzadlıqRadiosuna bildirmişdilər ki, hadisələr zamanı cəmi bir polis xəsarət alıb, aksiyaçılar arasında xəsarət alanlar isə çoxdur.
 

Google+ WhatsApp ok.ru