Pula zamin duranı həbs etmək doğrudurmu?

Ələsgər Məmmədli: `Bank borcuna görə həbs olunan vətəndaşlar Avropa Məhkəməsinə müraciət etsələr, bu, Azərbaycana ciddi problem yaradacaq`

Banka borcu olan şəxslərin həbs təhlükəsi artıq reallığa çevrilməkdədir. Banka borcu olanlarla yanaşı zamin duranları da həbs təhlükəsi gözləyir. Yaranan təhlükədən çıxış edərək ictimaiyyət təmsilçiləri maraqlı, amma eyni zamanda qəbulu zəruri olan təkliflə çıxış ediblər.
 
Xarici valyutada gəliri olmayan insanlar bir il ərzində manatın məzənnəsində baş verən kəskin ucuzlaşmadan sonra indi xarici valyutada olan bu kreditləri ödəyə bilmirlər. Buna onların manatla olan gəlirləri imkan vermir. Keçən ilin fevral ayının 21-nə qədər kredit üçün aylıq ödənişi 200 manat olan bir vətəndaş indi həmin krediti bağlamaq üçün 400 manat xərcləməlidir. Bu isə real deyil. Çünki onların gəlirləri bu miqyasda artmayıb. Bəziləri isə böhranla bağlı iş yerlərini itiriblər.
 
Ona görə belə təklif olunur ki, hazırkı durum fiziki şəxslərin müflisləşməsi haqqında qanunun qəbulunu vacib edir. Çünki mövcud Azərbaycan qanunvericiliyi yalnız hüquqi şəxslərin müflisləşməsi məsələlərini tənzimləyir.
 
Eyni zamanda Mərkəzi Kredit Bürosunun yaradılması da yaranmış durumda çıxış yollarından biri kimi təklif olunur.
 
Hüquqşünas Ələsgər Məmmədli bildirdi ki, bank borclarına görə birbaşa həbslər Avropa Insan Haqları Konvensiyasına görə yolverilməzdir. Bank borcuna görə yalnız məhkəmə qətnamələri yerinə yetirilmədiyi və dələduzluq halında baş verə bilər: “Azərbaycan məhkəmələrinin obyektiv səbəblərdən, yəni şəxsin imkansızlığından kredit borclarını ödəməməsi gələcəkdə Azərbaycan üçün problemlər yarada bilər. Çünki, həbs olunan vətəndaşlar Avropa Məhkəməsinə müraciət etsələr, bu, Azərbaycana ciddi şəkildə problem yaradacaq”.
 
Fiziki şəxslərin müflis elan olunması ilə bağlı qanunun qəbuluna gəlincə, Ə.Məmmədli bildirdi ki, Azərbaycanda fiziki şəxs həm fərd, həm də kommersiya fəaliyyəti ilə məşğul olan şəxsdir: “Kommersiya anlamında fiziki şəxslərə qarşı bunu tətbiq etmək olar. Əgər bu şəxslərin bank borcunu ödəməyə vəsaiti qalmırsa, fəaliyyət sahəsində imkanları daralırsa, onların müflis elan olunması tam normaldır”.
 
Fərdlərə gəlincə, Ə.Məmmədli hesab edir ki, müflisləşmənin onlara tətbiq olunması hüquqi aspektdən düzgün görünmür. Bu mənada fərdləri istisna tutaraq kommersiya fəaliyyəti ilə məşğul olanlara bu qayda tətbiq oluna bilər.

Google+ WhatsApp ok.ru