Dünyanı doldurar səsim Xocalı

Vətən oğlu ilhamlanıb gəl gücə,
Ürəyin bu dərdə tab edir necə.
İyirmi altı fevral, o mənfur gecə,
Əsdi səndə qəmli nəsim Xocalı.
 
Tarix görməyibdir böylə cinayət,
Soyqırım törətdi vəhşi cəmaət.
Əlbət ki, öz yerini tutar ədalət,
Dünyanı doldurar səsim Xocalı.
 
Ərşədək ucaldı o gün nalələr,
Açmamış soldular orda jalələr,
Can verdi qocalar, körpə lalələr,
Yüzlərlə ən əziz kəsim Xocalı.
 
Fariz dua edib yalvarır sənə,
Xalqıma sıxıntı göstərmə yenə,
Ya Rəbbim bir daha çəkdirmə mənə,
Qəm-kədər yüküm tək bəsim Xocalı.
 
Fariz Xammədli

Google+ WhatsApp ok.ru