Ekspert: İkivalyutalı səbətə keçid manatın ucuzlaşması demək deyil

İkivalyutalı səbətə keçidin indiki halda birmənalı qarşılanmaması və ya başa düşülməməsinin əsas səbəbi onunla bağlıdır ki, cəmiyyətdə manatın devalvasiya ola biləcəyi ilə bağlı narahatlıq mövcuddur.
 
Maide.az  xəbər verir ki, bu sözləri oxu.az-a iqtisadçı-alim Vüqar Bayramov Mərkəzi Bankın ötən gün məzənnə siyasətinin dəyişməsi qərarını şərh edərkən bildirdi.
 
İqtisadçı-alim bankın bu qərarını düzgün hesab etsə də, baş verən proseslər fonunda (neftin qiymətinin düşməsi) belə bir addımı gecikmiş hesab edir və manatın ucuzlaşmasının mümkün ola biləcəyi ehtimallara da toxunur:
 
“Azərbaycanın xarici ticarət dövriyyəsində avrozonanın payı 60%-dən çoxdur. Avrozona Azərbaycanın xarici ticarət dövriyyəsində ən böyük paya malikdir. Avronun da istifadə edilməsi və çarpaz kursdan birbaşa məzənnəyə keçilməsi birmənalı şəkildə imkan verəcək ki, manatın real dəyərini formalaşdırmaq mümkün olsun.
 
Mərkəzi Bank manatın yumşaq devalvasiyasında yubanıb. Belə ki, biz belə bir təkliflə (hələ 2010-cu ildə neftin qiyməti yüksək olduğu bir dövrdə) çıxış etmişdik. Əslində bank bunu biz təklif etdiyimiz dövrdə - 2010-cu ildə neftin qiyməti yüksək olduğu bir dövrdə həyata keçirsəydi, cəmiyyətdə bu cür narahatlıq olmazdı.
 
Təəssüf ki, indiki halda manatın dəyərdən düşməsi ilə bağlı narahatlıq fonunda Mərkəzi Bankın bu addımı cəmiyyətdə bir narahatlıq formalaşdırdı, amma birmənalı şəkildə nəzərə almaq lazımdır ki, ikivalyutalı səbətdən istifadə edilməsi heç də manatın dəyərdən düşməsi anlamına gəlmir. Bank hələ də məzənnə siyasətini davam etdirir. Manatın devalvasiyası o zaman baş verəcək ki, bank sərt məzənnə siyasətindən yumşaq məzənnə siyasətinə keçəcək”.
 
Vüqar Bayramovun sözlərinə görə, bank tərəfindən gecikmiş bu addım hətta əhalinin manatla olan əmanətlərini banklardan çıxartması ilə nəticələnə bilər və iqtisadçı-alim bu situasiyanın baş verməməsi üçün təkliflərini verir:
 
“Biz bu proseslərin baş verməməsi üçün banklardakı əmanətlərin indeksasiyasını təklif edirik. Bu imkan verəcək ki, hətta yumşaq devalvasiya olduğu dövrdə belə vətəndaşlar manatla olan əmanətlərini banklardan geri çəkməyəcəklər. Bu, banklarda olan əmanətin dollara çevrilməsinin qarşısını alacaq”.
 
“Nəzərə alsaq ki, bank sədri Elman Rüstəmov bildirib ki, 2015-ci ildə proqnozlaşdırılan  inflyasiyanın 2-8%-dək olması arzuolunandır, bu halda hesab edirik ki, manat təxminən 10% dəyər itirə bilər. Bütün hallarda bank tərəfindən qabaqlayıcı tədbirlərin atılmasına ehtiyac var ki, devalvasiya vətəndaşa da təsir göstərməsin, banklarda manatla olan əmanətlərin çəkilməsi baş verməsin. Bankın dünənki qərarından aydın olur ki, Bank yumşaq devalvasiya siyasətini həyata keçirmək niyyətindədir ”- deyə, ekspert bildirir.
 
Manatın 10% ucuzlaşması ehtimalının nə vaxt baş verəcəyinə isə ekspert belə münasibət bildirdi.
 
“Əslində bu tip qərarlar bir gecədə qəbul olunmur, ona görə proqnozlaşdırmaq çətindir. Hər halda bank bu addımı atsa, mövcud bütün risk faktorlarını nəzərə almalıdır. Yumşaq devalvasiya siyasəti həyata keçirilsə, bu halda bununla paralel Mərkəzi Bank çalışmalıdır ki,  tənzimləyici addımlar da atsın ki, əhali devalvasiya dalğasını hiss etməsin”.
 
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti 16 fevral 2015-ci il tarixindən etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul etmişdi. Bu qərara görə, manatın məzənnəsi təkcə dollarla deyil, o cümlədən də avro ilə tənzimlənəcək.

Google+ WhatsApp ok.ru