Türmədə dustağı döyüb öldürən nəzarətçilər niyə cəzalanmır?

Qurban Məmmədov: «Əgər bu iş üzrə tədbir görülməsə, Elşad Babayevin vəhşicəsinə öldürülməsinin məsuliyyəti dolayısıyla prezidentin üzərində qalacaq»

Azərbaycanın cəzaçəkmə müəssisələrində son aylarda elə hadisələr baş verib ki, bunlar normal hüquqi dövlətdə yaşansaydı, nəinki həmin müəssisələrin, bütövlükdə bu sistemin rəhbərliyi istefaya gedərdi. Məsələn, 14 saylı cəzaçəkmə müəssisəsində 31 yaşlı məhbus Elşad Babayevin döyə-döyə işgəncə ilə öldürülməsi. Elşad Babayevin cəsədi üzərindəki işgəncə izləri onun fotolarını görənləri dəhşətə gətirir. Lakin bugünədək nəinki Penitensiar Xidmətin vəzifəli şəxsləri və ya 14 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi, hətta məhbusu o vəziyyətə salan sıravi nəzarətçilərə belə, “gözün üstə qaşın var” deyən olmayıb. Elşad Babayevi döyə-döyə öldürdüyü bildirilən nəzarətçilər günü bu gün də həmin müəssisədə işləməkdə davam edir.
 
Mərhumun bacısı Simuzər Babayeva qardaşını öldürənlərin cəzalandırılması üçün müxtəlif dövlət strukturlarına müraciət edib, məmurların qəbulunda olub. Amma ortada heç bir nəticə yoxdur.
 
Simuzər Babayeva qardaşının qanının yerdə qalmaması, həmçinin onların ailəsinin başına gələnləri başqalarının yaşamaması üçün Elşad Babayevin qatillərinin cəzalandırılması üçün sonadək mübarizə aparmaqda israrlıdır. O, indi də dövlət başçısı Ilham Əliyevə müraciət edib. Simuzər Babayeva ölkə başçısından “insanları özbaşına tətbiq etdikləri qanunla cəzalandıran, onlara işgəncə verən, haqq-hüquqlarını heçə sayan, öz cəngəllik qanunları ilə idarəçilik edən məmurları” cəzalandırmağı xahiş edir. Əks təqdirdə, bu hadisələrin təkrarlanmayacağına zəmanət olmadığını da xatırladır.
 
Simuzər Babayeva həmçinin qardaşının terrorçu, vətən xaini, cinayətkar olmadığını, etdiyi səhvə görə məhkəmə qaydasında 1 il 2 ay azadlıqdan məhrumetmə cəzası aldığını vurğulayır. Qeyd edir ki, qardaşı yanlış addımını özünə bağışlamadığını məhkəməsində də etiraf edib.
 
Qardaşının  cəzaçəkmə müəssisəsində vəhşicəsinə döyülüb, öldürüldüyü halda, aradan xeyli vaxt keçməsinə baxmayaraq,  məmurlardan heç birinin məsuliyyətə cəlb olunmadığını vurğulayan Simuzər xanım zərərçəkmiş kimi tanınmadıqlarını, istintaqın gedişi və ekspertizanın saxta rəyi ilə qətiyyən razılaşmadığını qeyd edir: “Deyirlər ki, istintaq davam edir. Vuran bəlli, ölən bəlli, ortada da şahid, sübutlar var. Lakin nəticə yoxdur. Həkim rəyi isə cəfəngiyyatdır. Təsəvvür edin ki, bir insanın öldürülməsini, həm də xüsusi amansızlıqla öldürülməsini vəzifə səlahiyyətlərini aşma kimi qiymətləndiriblər. Mən bu işin ədalətli, qanunların tələb etdiyi qaydada araşdırılmasını Sizdən Konstitusiyamızın qarantı kimi xahiş edirəm”.
 
Elşad Babayevin öldürülməsilə bağlı sübutlar ortada olduğu halda, günahkarlar hələ də məsuliyyətə cəlb edilməyib. Görəsən, qətllə bağlı nədən heç kim cəzalandırılmır?
 
Hüquqşünas Qurban Məmmədov deyir ki, məhbusa işgəncə verildiyi, vəhşicəsinə döyülərək öldürüldüyü, açıq cinayət baş verdiyi halda, heç bir tədbir görülmür. Hüquqşünas ümid edir ki, Simuzər Babayevanın dövlət başçısına müraciəti müsbət nəticə verəcək: “ANS-də yayımlanan verilişdə Mirşahin cəmiyyətin baş vermiş hadisənin üstünə getməsini, günahkarların cəzalanmasını tələb etməsini Ilham Əliyevin əleyhinə olan bir hərəkət kimi dəyərləndirir. Bildirilir ki, dolayısıyla həmin adamların cinayətini sanki prezidentin də ayağına yazıb onu özlərinə şərik etmək istəyirlər. Halbuki, dövlət prezidentin evidir və həmin evdə hansı qanunsuzluqlar varsa, onların ört-basdır edilməsi dövlət başçısına ləkə gətirən məsələdir. Belə cinayətlərin üstünə getmək isə, əksinə, prezidentə dəstək verməkdir. Bu mənada, hesab edirəm ki, Ilham Əliyev Elşad Babayevin işgəncəylə qətlə yetirilməsinə gec-tez öz münasibətini bildirəcək. Əks halda, bu məsələ yönündə hansısa tədbir görülməyəcəksə, Elşad Babayevin vəhşicəsinə öldürülməsinin məsuliyyəti dolayısıyla prezidentin üzərində qalacaq. Bu iş aşağı və orta vəzifəli şəxslərin şəxsi maraqlarına cavab verən qanunsuz hərəkətlərdir ki, onlar bu cinayəti ört-basdır etməyə çalışırlar”.

Google+ WhatsApp ok.ru