Front Line Defenders: Leyla və Arif Yunuslara qarşı ədalətsizliyə son qoyulsun

Beynəlxalq hüquq-müdafiəçilərinə Dəstək Fondu Front Line Defenders Leyla və Arif Yunusların məhkəmə prosesi zamanı onların incidilməsinə son qoyulmasına çağırıb.
 
 “Front Line Defenders onların səhhəti ilə bağlı çox narahatdır və hakimiyyəti hüquq müdafiəçilərini azadlığa buraxmağa, məhkəmə çəkişməsinə son qoymağa çağırıb. Belə ki, onlara qarşı irəli sürülən ittihamlar Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə dinc və qanuni fəaliyyətləri ilə bağlıdır”, - bəyanatda deyilir.
 
Bu bəyanata A.Yunusun məhkəmə iclasları zamanı vəziyyətinin kəskin pisləşməsi səbəb olub. Belə ki, avqustun 3,4 və 6-da o, hipertonik kriz, bir neçə dəfə ürək tutması keçirib və tez-tez huşunu itirib. Həkimlər bir neçə dəfə iynə vurublar, lakin bu, qısa müddətə kömək edib. A.Yunusun, həmçinin həyat yoldaşı L.Yunusun  vəziyyətinin ağır olmasına baxmayaraq, məhkəmə dinləmələri davam edir.
 
Beynəlxalq müstəqil müşahidəçilər və müstəqil mətbuat nümayəndələri zala buraxılmır.
 
Avqustun 6-da prokuror L.Yunusun 11, A.Yunusun 9 il azadlıqdan məhrum edilməsini istəyib. Onlar vergidən yayınmada və dələduzluqda ittiham olunurlar.
 
Prosesin təxirə salınması barədə çağırışlara baxmayaraq, hakim növbəti iclası avqustun 10-na təyin edib.
 
Teodor Hekker mükafatı və Fransanın Fəxri legion ordeni laureatı Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus Azərbaycan və Ermənistan arasında münaqişənin həlli və siyasi məhbusların hüquqlarının müdafiəsi problemləri ilə məşğul olurlar.
 
* Front Line Defenders təşkilatı 2011-ci ildə Dublində təsis edilib. Məqsəd təhlükədə olan hüquq müdafiəçilərinin qorunmasıdır.

Google+ WhatsApp ok.ru