Mübariz Qurbanlının təyinatına münasibətlər

Dini ekspertlər Kənan Rövşənoğlu və Ceyhun Məmmədov Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunmasını “Media forum” saytına şərh ediblər.

Kənan Rövşənoğlu bildirib ki, Mübariz Qurbanlı indiyədək daha çox siyasi fəaliyyətdə və partiya işində olub: “Onun dinlə və ümumiyyətlə ölkədəki dini situasiya ilə hər hansı bağlılığı olduğu haqda şəxsən məndə məlumat yoxdur. Bu mənada təyinat mənim üçün çox gözlənilməz oldu. Ancaq bu təyinat bir sıra məqamına görə maraq doğurur. Dini sahədə ciddi problemlərin olduğu, ölkədə radikal islam fəaliyyətlərinin, çağırışlarının gücləndiyi bir zamanda, belə demək mümkünsə, “kənar” adamın dini komitəyə sədr təyin edilməsi onu göstərir ki, hökumət daha çox basqı xəttini götürəcək. Yəni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədrlərindən Elşad İskəndərovun dövründə olduğu kimi deyil, Hidayət Orucovun vaxtında olduğu kimi sərt xətt olacaq. Yeni təyinatın “kənardan” olması bunu deməyə əsas verir”.

Ceyhun Məmmədov da qeyd edib ki, bu təyinat ölkədə, eləcə də Şərqdə kifayət qədər ciddi proseslərin getdiyi bir dövrə təsadüf edir: “Hazırda bir sıra müsəlman ölkəsində dini müstəvidə baş verən hadisələr Azərbaycan hökumətindən olduqca ciddi düşünülmüş siyasətin həyata keçirilməsini tələb edir. İraqda və Suriyada baş verənlərin fonunda Azərbaycanda da radikallığa meylli qüvvələrin aktivləşəcəyi ehtimalı güclüdür. Bu baxımdan hazırkı dövrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə kimin rəhbərlik edəcəyi xüsusi əhəmiyyət daşıyır.

Mübariz Qurbanlı dövlətçilik təcrübəsinə malik, ictimaiyyət tərəfindən kifayət qədər tanınmış, dini durumdan məlumatlı şəxslərdən biridir. Onun bu vəzifənin öhdəsindən necə gələcəyini zaman göstərəcək. Kimliyindən asılı olmayaraq bu vəzifədə çalışacaq insanın üzərinə çox böyük məsuliyyət düşür. Uzun müddət bu vəzifənin boş qalması dini durumda gərginliyi daha da artıra bilər. Dini durumda mövcud xoşagəlməz halların qarşısı indidən alınmasa, gələcəkdə Azərbaycan xalqı çox ciddi problemlərlə üz-üzə qala bilər”.

Google+ WhatsApp ok.ru