Nardaran hadisələrinə görə saxlanılanların həbs müddəti uzadılıb

Nardaran hadisələrinə görə saxlanılanların həbs müddəti uzadılıb

Ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.
 
Bu barədə məlumat verən təqsirləndirilən şəxslərdən Elman Ağayevin vəkili Akif Əliyev bildirib ki, bir müddət əvvəl Nəsimi rayon Məhkəməsinin qərarı ilə Zülfüqar Mikayılov, Elman Ağayev və digərlərinin həbs müddətləri bir neçə aylıq uzadılıb. Həmin qərardan verilən apellyasiya şikayətləri isə təmin edilməyib.
 
Vəkil A. Əliyev müdafiə etdiyi Elman Ağayevin səhhətində problemlərin olduğunu, onun Klinik Tibbi Mərkəzdə müayinə edilməsi barədə qərar qəbul edildiyini də deyib: “Elman Ağayev saxlanılan zamanı xəsarət alıb, təzyiqə məruz qalıb. Bununla bağlı istintaq orqanına müraciət etdik. Lakin bildirdilər ki, fakt təsdiqini tapmır. Onun səhhətində olan problemlərə görə isə Klinik Tibbi Mərkəzdə müayinə edilməsi haqqında istintaq orqanına etdiyimiz müraciətə müsbət cavab verilib. Lakin həmin qərar hələlik icra edilməyib”.
 
Saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov və digər 18 nəfərin məhkəməsi davam etdirilir. (APA)
 

Google+ WhatsApp ok.ru