'Niyə Nardaran hadisələrinin çəkilişləri təqdim edilmir?'

'Niyə Nardaran hadisələrinin çəkilişləri təqdim edilmir?'

Milli Şura «Nardaran hadisələri»nə görə həbs edilən  ilahiyyatçı Taleh Bağırzadənin məhkəmədəki açıqlamaları ilə bağlı bəyanat verib.
 
T.Bağırzadə bildirirdi ki, amansız işgəncə yolu ilə ondan Nardaran hadisələrinin arxasında Milli Şura sədri Cəmil Həsənli və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin dayanması barədə ifadə almaq istəyiblər.
 
Bəyanatda ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş verən hadisələr «Azərbaycan tarixinə qara ləkə» adlandırırlar: «İndi artıq məsuliyyətlə Nardaran hadisələrinin təkcə faciə deyil, həm də ağır cinayət olduğunu deyə bilərik. Soydaşlarımız səriştəsizlik və dövlət məsuliyyətsizliyinin deyil, hakimiyyət orqanları tərəfindən hazırlanmış və amansızlıqla həyata keçirilmiş dəhşətli cinayətin qurbanı olublar».
 
Bəyanat müəllifləri bəzi sual da verirlər: «Niyə terrora qarşı mübarizə kimi təqdim olunan və Daxili İşlər Nazirliyi tərəfindən planlı şəkildə həyata keçirilən əməliyyatın videoçəkilişləri təqdim edilmir?».
 
Bəyanatda polislərin ölümünə də toxunulur. «Hadisə şahidlərinin iki nəfər polis əməkdaşının qətli ilə bağlı açıqladığı faktlar, onların hücum edən qrupun deyil, dindarların arasında və mülki geyimdə olması ilə bağlı səsləndirilən iddialar hadisənin mahiyyətinə işıq salmaq baxımından çox önəmlidir. Bütün bu və digər müstəsna əhəmiyyət kəsb edən faktlar açıq məhkəmə prosesində, geniş ictimaiyyətin gözü qarşısında dərindən araşdırılmalı və öz ədalətli hüquqi qiymətini almalıdır», - deyə qeyd edilir.
 
Bəyanatda vurğulanır ki, hakimiyyətin Milli Şuranı ləkələmək istəməsi birinci dəfə deyil: «Azərbaycan hakimiyyətindən bu antimilli təcrübəyə son qoymağı, bu siyasi oyunun qurbanı olan və şərlənərək həbs olunan bütün siyasi məhbusları – Fuad Qəhrəmanlı, Taleh Bağırzadə və digərlərini dərhal azad etməyi tələb edirik».(azadliq.org)
 

 

Google+ WhatsApp ok.ru