Sabah Araz Quliyevin apellyasiya məhkəməsidir

Xəbər verildiyi kimi, Qobustan həbsxanasına köçürülən Araz Quliyevin həbsxanaya keçirilməsi barədə qərardan şikayət Bakı Apellyasiya Məhkəməsində icraata verilmişdi.
 
Maide.az "Cenubnews"a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun icraatına verilən işə sabah baxılacaq.
 
Məhkəmə saat 16:15 də keçiriləcək.
 
Qeyd edək ki, mart ayının 19-da 14 saylı Cəzaçəkmə Müəssisəsində səyyar məhkəmə keçirilib.14 saylı CÇM-də keçirilən məhkəmədə Qaradağ Rayon Məhkəməsi Araz Quliyevi 3 il müddətinə Qobustan Qapalı həbsxanasına köçürülməsi haqqında qərar qəbul edib.Qərarda qeyd edilib ki, baş redaktor A.Quliyev həbsxanada intizam qaydalarını pozur, müəssisənin təmir işlərinə köməklik etmir.Dustaqlar arasında dini təbliğat aparır, dini mərsiyələr oxuyur.
 
Araz Quliyev və onun vəkili Yavər Hüseynov qərarı əldə edəndən sonra apellyasiya şikayəti veriblər.
 
Onu da qeyd edək ki, baş redaktor Araz Quliyev, Masallı rayonunda əsassız ittihamlarla yerli hüquq-mühafizə orqanlarının qurduğu planla şərlənərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il aprelin 5-də çıxardığı hökmlə 8 il azadlıqdan məhrum edilib.
 
Araz Quliyev barəsində həbsxanada olduğu zaman da qarayaxma kampaniyalara start verilib.Belə ki, 2014-cü il dekabr ayının 22 də məhkum Elşad Babayev 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən karserdə öldürüldükdən sonra məhkumlar E.Babayevin ölümünə görə etiraz aksiyası keçiriblər. Aksiyada türmənin bir neçə əməkdaşını döyülməkdən xilas edən, həmçinin müəssisəyə ziyan vurmağa çalışan məhkumların qarşısını alan, üsyanı sakitləşdirməyə çalışan hicab məhbusları - Araz Quliyev, Anar Qasımlı, Ramil Vəliyev, Rza Ağalı, İlham Hətəmov və digər dustaqlar 14 saylı həbsxananın rəisi Əli İbrahimov tərəfindən işgəncələrə məruz qalıblar. 
 
Belə ki, İbrahimov əvvəl inanclı məhkumlardan İ.Hətəmovu və R.Ağalını həbsxana daxilindəki karserə salıb. Sonra - dekabrın 26-da həbsxanaya xüsusi təyinatlı qüvvələr yeridilərək məhkumlar amansızcasına döydürülüb. Ardınca Araz Quliyev və Anar Qasımlı daxil olmaqla 11 məhkum işgəncə verilmək üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (“Tubzon”) aparılıblar. 
 
Bir müddət orada "Tubzon"un rəisi Nizami Quliyev tərəfindən döyülərək ağır vəziyyətdə saxlanılan məhkumlar yenidən 14 saylı CÇM-ə qaytarılıblar. Burada onlar yenidən karserə, Araz Quliyev və Miryusif Əsədov isə “bunker”ə (gözdən uzaq yerin altına) salınıblar. Martın 11-dən sonra karserdə olan məhkumlardan 8 nəfəri cəza kamerasından azad edilib. Lakin Araz Quliyev, Miryusif Əsədov və Natiq adlı məhkumun karser cəzası Əli İbrahimov tərəfindən daha 1 ay artırılıb.
 
Martın 19-da Ə.İbrahimov tərəfindən ağır işgəncələrə məruz qalan üç məhkumun cəzaçəkmə müəssisəsi daxilində məhkəməsi keçirilib və onların Qobustan qapalı tipli həbsxanaya köçürülməsi barədə qərar çıxarılıb.

Google+ WhatsApp ok.ru