“Müqəddəs Ramazanın başqa aylara nisbəti, Əhli-beytin (ə) digər insanlara nisbəti kimidir”

Ramazan ayı Allahın ayıdır. Bu ayda savablar ikiqat artar, günahlar silinər. İslamda ilin ayları arasında Ramazan ayı ən şərafətli və ən müqəddəs ay hesab edilir. Onu "on bir ayın sultanı" da adlandırırlar. Ramazan həm də  bərəkət, tövbə, bağışlanmaq, cəhənnəmdən xilas olmaq və behişt qazanmaq ayıdır. Məhz bu ayda müsəlmanlar oruc tutmaqla Allaha öz bəndəçiliklərini nümayiş etdirirlər.  Orucluq hicrinin ikinci ilində Məhəmməd Peyğəmbər (s.ə) tərəfindən Mədinədə  bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran  hədiyyə edilmişdir. Bu gecə "leylət al-Qadr" – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: "Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır!"
 
Maide.Az xəbər verir ki, müqəddəs ayın fəzilətləri barədə İslaminSesinə açıqlama verən ruhani alim Hacı Əli  Behişti, öncə mübarək Ramazan ayı münasibəti ilə Azərbaycan xalqını, möminləri və müsəlman dünyasını təbrik edib. Bu ayın fəzilətlərindən hər kəsə nəsib olmasını Allahdan arzulayıb: “ Ramazan o aydır ki, haqqında  İslam Peyğəmbəri belə buyurur: “ Şaban mənim ayımdır, Ramazan Allahın ayıdır”. Bütün Aylar Allaha məxsusdur.  Lakin Ramazanın Allahın ayı kimi təqdim olunması, onun böyük əzəmətindən xəbər verir. O yerlərə, o aylara ki, Allah öz adını nisbət verir, bu həmin məkanların, ayların böyük əzəmətə malik  olmasını sübuta yetirir. Ramazan ayında Allah bütün bəndələrinə öz rəhmətini inayət edir. İmam Əli (ə) buyurur: “ Ey insanlar! Sizə bərəkətlə, rəhmətlə dolu Allah ayı gəlir”. Bu ayın günləri və gecələri ən fəzilətlidir. İmam Əli (ə) buyurur: “ Bu ayın başqa aylara nisbəti, biz Əhli-beytin başqa insanlara olan nisbəti kimidir”. Əhli-beyti başqa insanlarla müqayisə edərkən imamların nə qədər üstünlüyə malik olduqlarını görürük. Ramazan ayı da başqa aylardan bu qədər üstündür. Ona görə də,  Ramazan ayının qədrini bilməliyik. Əgər bir insan bu aya düşüncəsiz və etinasız yanaşarsa, Ramazanın bərəkətindən, rəhmət və fəzilətindən özünü uzaqlaşdırar. Bu ay üçün ən mühüm olan hər bir möminin günahdan çəkinməsi və özünü saxlamasıdır.  Əvvəla bu ay qədəm qoymadan öncə gərəkdir ki, günahlardan tövbə edək. Müqəddəs  ay başladıqdan sonra isə  günahlardan çəkinək.  İnsan bu ayda öz iradəsini gücləndirməli və başqa aylarda da eyni cür rəftar etməlidir. Yəni insanlar öz dilinə, gözlərinə, qulaqlarına sahib olmalı və günah əməllərdən çəkinməlidirlər”. 
 

Google+ WhatsApp ok.ru