Aktyor siyasi baxışlarına görə təhdid olunur

İbrahim Salamov: `Onlar məni susdurmaq üçün hər cür yola əl atırlar`

Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədovla teatrın aktyoru Ibrahim Salamov arasında problem dərinləşməkdədir. Bir müddət əvvəl mətbuatda aktyorun intihar etməsi barədə məlumatlar yayılıb, sonradan təkzib edilmişdi. Mediada aktyorla bağlı məlumatlar ictimailəşdiriləndən sonra teatrın rəhbərliyi tərəfindən ona qarşı təhdidlər də artıb.
 
Bu barədə “Azadlıq”a açıqlama verən aktyor Ibrahim Salamov deyir ki, teatrda quruluş verdiyi tamaşaya yaradılan maneənin, rəhbərliklə arasında olan problemin səbəbi siyasi baxışlarıdır. Ona qarşı təhdidlərin mütəmadi təkrarlandığını qeyd edən aktyorun sözlərinə görə, teatrın rəhbərliyi onun siyasi baxışları ilə razılaşmır: “Sözün düzünü deyən, həqiqəti açıq söyləyən adamlarla razılaşmırlar. Mənim sosial şəbəkələrdə və mətbuatda gedən açıqlamalarımdan rəhbərliyin xoşu gəlmirdi. Mənə qarşı təhdidlərlə bağlı məhkəməyə müraciət etdim. Şahidlərin də onları ifşa etməsinə baxmayaraq, məhkəmədə bu məsələ müsbət həllini tapmadı. Problem bu günə qədər davam edir”.
 
Aktyor deyir ki, onu susdurmaq üçün müxtəlif yollara əl atılır: “Teatrın kafe-restorana çevirməsi, kinozal açması, ştat cədvəlində əlavə insanların götürülməsi barədə mətbuata açıqladıqlarımın hamısı real faktlardır. Təəssüf ki, yerli məhkəmələr məsələni obyektiv araşdırmaqda maraqlı olmadılar. Ona görə də bu işi Avropa Insan Hüquqları Məhkəməsinə çıxarmaq niyyətindəyəm”.
 
Ibrahim Salamov onu da qeyd edib ki, teatrın rəhbərliyi barədə səsləndirdiyi fikirlərin hamısı həqiqətdir: “Mənim dediklərim konkret faktlara əsaslanır. Mən sadəcə, 150 manatlıq işimdən, 15 ilə yaxındır orada çəkdiyim əziyyətdən ötrü həqiqəti təqdim edirəm. Siyasi baxışları haqqın tərəfində olan insanları onsuz da qəbul etmirlər. Mənim iki  azyaşlı övladım var, kirayələrdə qalıram. Bəlkə də çoxları bunu baş verənləri məhdud bir dairənin problemi hesab edə bilər. Lakin bəzi vəzifəlilər və onların arxasında dayananlar insanlara qarşı davranışları ilə bütövlükdə cəmiyyət üçün ciddi problemlər yaradırlar”.

Google+ WhatsApp ok.ru