AİP Nigeriada baş verən qətliamla bağlı bəyanat verdi

Azərbaycan İslam Partiyası Nigeriyada müsəlmanlara qarşı törədilən qətliamla bağlı bəyanat verib. Partiyanın Mətbuat Xidmətindən Maide.az-a daxil olan bəyanatda deyilir. 
 
“Nigeriya hakimiyyəti və ordusu yenidən ölkənin dinc və günahsız vətəndaşlarına  qarşı qətliam törətmişdir. Ötən həftənin şənbə günü silahlı ordu Şeyx İbrahim əl-Zəkzəkinin mənzilinə soxularaq dinc insanları silahlı hücuma məruz qoymaqla kütləvi qırğın törətmişdir. Yayılan  məlumatlara görə Zəkzəkinin özü bu hücumda ağır yaralanmış, oğlu və həyat yoldaşı hətta qətlə yetirilmişdir. Bununla belə Şeyx həbs olunmuşdur. 
 
Şeyx İbrahim əl-Zəkzəki Nigeriyada yaşayan Əhli-beyt davamçılarının lideri və çox hörmətli İslam alimidir. 
 
Məzhəb ayrıseçkiliyi törədən Nigeriya hökuməti ölkənin şiə vətəndaşlarına qarşı davamlı iyrənc siyasət aparmaqdadır. Əhli-beyt aşiqlərinə qarşı bu son, həm də açıq terrorda mindən çox günahsız insan qətlə yetirilmişdir. Hadisədə qəddarlıq o həddə çatmışdır ki, hücuma məruz qalan yaralılara məhəl qoyulmamış, onlara tibbi yardımın qarşısı alınmışdır. 
 
Azərbaycan İslam Partiyası Nigeriyadakı qəddar rejimin törətdiyi bəşəri cinayətin beynəlxalq aləm tərəfindən ittiham olunmasını insanlığa qarşı qənim kəsilməsi baxımından aktual və zəruri hesab edir. Bəyan edirik ki, Əhli-beyt məktəbi İslam  dininin ən ümdə dəyərlərini ümmətə çatdırmaq, dinimizin humanizm və bütün digər gözəlliklərini öz üzərində daşımaqla ondan bəhrə götürməyi insanlara  təlqin etmək missiyasını yerinə  yetirir. Amma Nigeriya və bu kimi zalım rejimlərin hakimiyyəti altında qalan ölkələrdə baş verənlərdən görünən odur ki, İslam dininin düşmənlərinin himayəsinə sığınan bu rejimlər həqiqi İslama bağlı olan  insanlara qarşı  vaxtaşırı hücumlar və qətliamlar törətməklə həmin qütblərin istəklərini həyata keçirirlər. Biz belələrinə qarşı qəti etirazımızı bildirir, həqiqi müsəlmanları Əhli-beyt ardıcıllarını müdafiə etməyə çağırırıq.”

Google+ WhatsApp ok.ru